“Demokratiyanı Öyrənmə” İB Azərbaycanın bölgələrində yerli ictimaiyyətin nümayəndələri ilə seçki iştirakçılığı üzrə vəziyyətə dair seminar/fokus qrup müzakirələrini başa çatdırıb.
Avropa Birliyinin dəstəklədiyi “Azərbaycanda Azad və Ədalətli Seçkilər üçün Vətəndaş İştirakçılığı“ layihəsi çərçivəsində ölkənin 10 inzibati mərkəzində həyata keçirilən bu müzakirələrin məqsədi qarşıdan gələn seçkilərdə seçici fəallığının artırılması üzrə regional seçki strategiyalarının hazırlnamasıdır.
Bu tədbirlər seriyası birliyin ekspertləri tərəfindən 16 noyabr-26 dekabr 2017-ci il tarixlərində Mingəçevir, Lənkəran, Zaqatala, Gəncə, Bərdə, Şəki, Şirvan, İmişli, Quba və Kürdəmir şəhərlərində 250-ə yaxın yerli vətəndaş cəmiyyəti, media, seçki komissiyaları təmsilçiləri və ictimai fəalların iştirakı ilə keçirib.
Seminarlarda hər bölgə üçün spesifik olaraq hazırlanacaq strategiya sənədinin layihəsi müzakirə edilib. Sənəd regiondakı seçki təcrübəsi ilə bağlı mövcud vəziyyəti, qarşıdan gələn seçkilər üzrə regional hədəfləri, seçicilərin maarifləndirilməsi üzrə vəzifələri və əsas fəaliyyətlərin dairəsini müəyyənləşdirən iki illik plan olacaq.
Yerli tərəfdaşlarla məsləhətləşmə xarakteri daşıyan bu seminarlar ayrı-ayrı sosial qruplardan olan seçicilərin seçkilərdə fəal iştirakını təmin etmək üçün mümkün maarifləndirmə fəaliyyətlərinin çərçivəsini hazırlamaq, resursları müəyyənləşdirmək və səfərbər etmək məqsədilə görüləcək işlərin dairəsini cızmağa imkan verib.
Həmçinin hər bir seminarda regional strategiya sənədinin əsas tezisləri razılaşdırılıb və sənədin hazırlanması üçün yerli fəallardan ibarət işçi qrupları formalaşdırılıb.
Bəzi bölgələrdə görüşlər nisbətən az məhsuldar olmuşdur. Seminar iştirakçılarının tərkibinin uyğun olmaması, həmçinin yerli QHT-lərin az olması və ya ümumiyyətlə olmamasını bunun səbəbləri sırasında qeyd etmək olar. Bununla belə Mingəçevir, Şirvan, Şəki, Quba və Lənkəran kimi bölgələrdə müzakirələr xeyli faydalı olub. Burada müzakirə olunan məsələlər yerli ictimaiyyət nümayəndələrinin böyük marağına səbəb olmuş, xüsusilə seçici fəallığının aşağı olması, əhali arasnda seçki prosesinə inamın itməsi kimi problemlər və onların aradan qaldırılması yolları ətrafında qızğın diskussiyalar keçirilmişdir.
Növbəti mərhələdə yerli ictimaiyyətlə məsləhətləşmələr əsasında toplanmış bu məlumatların, həmçinin əvvəlki seçki təcrübəsi üzrə statistik bilgilərin ümumiləşmiş təhlili aparılacaq. Bunun əsasında regional görüşlər zamanı hazırlanmış strategiya sənədlərinin layihələri təkmilləşdiriləcək.
Qarşıdakı aylarda isə bu sənədlərin yerli vətəndaş cəmiyyəti və digər tərəfdaşların iştirakı ilə qəbul edilməsi planlaşdırılır. Demokratiyanı Öyrənmə İB-ə həmin strateji sənədlərdə planlaşdırılan təşəbbüslərin həyata keçirilməsini təşviq etməyi və bunun üçün yerli fəalları məsləhət və texniki dəstəklə təmin etməyi nəzərdə tutur.