İlin sonunda dövlət şirkəti olan “AzerGold” qiymətli metalların hasilatı və ixracında uğurlar barədə hesabat verib. Amma bu işin neçəyə başa gəlməsi sirr olaraq qalır.
2017-ci ilin aprelindən “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 60 552 unsiya qızıl və 86 806 unsiya gümüş ixrac edib. Qiymətli metalların ixracı ölkə iqtisadiyyatına 121 milyon manatdan artıq gəlir gətirib, deyə şirkət məlumat verir.
Dövlət satınalmalarının dövlət reyestrinə əsasən, 2017-ci ildə “AzerGold” QSC ümumi dəyəri 89 milyon 791,1 min manat, 25 min avro və 92 min ABŞ dolları məbləğində olan 40 müqavilə bağlayıb. Bu, gəlirlərin 74,3% -ni təşkil edir. Eyni zamanda, şirkətin aparatının saxlanılması, 300 işçiyə əmək haqqı ödənilməsi, vergilər və sosial ayırmalar və s nəzərə alınmayıb.
“AzerGold” QSC normativ-hüquqi aktlara zidd olaraq 2016 il üzrə maliyyə hesabatını gizləyir.
“AzerGold” QSC 2015-ci ildə yaradılıb. O, ölkənin qərb bölgələrində qızıl yataqlarının istismarı ilə məşğul olur. Hazırda Daşkəsən rayonunda yerləşən “Çovdar” yatağında istehsal və emal həyata keçirilir. Bu yataqlar Azərbaycan parlamentinin ratifikasiya etdiyi sazişə uyğun olaraq, AIMROC xarici şirkətlər konsorsiumu tərəfindən istismar olunub. Sonra məlum oldu ki, Azərbaycan Prezidenti İlham Əliyevin ailə üzvləri ofşor şirkətləri vasitəsi ilə bu konsorsiuma maraq göstərirlər. Azərbaycan hökuməti dövlət başçısının 2016-cı ildəki fərmanına əsasən, bu beynəlxalq konsorsiumun iştirakçılarına kompensasiya verdi, eyni zamanda onun məbləğini gizlətdi. (Turan)
Yenifakt.info
Müstəqil xəbərlər portalı