Mənə inanıb etimad göstərdiyinə görə AFFA rəhbərliyinə və milli komandanın baş məşqçisi Qurban Qurbanova təşəkkür edirəm. Millidə çalışmaq həm qürurverici, həm də çox məsuliyyətlidir.
Media-fakt.info-nun məlumatına görə, bu sözləri 20 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının yeni baş məşqçisi Rəşad Sadıqov deyib.
Təyinatı ilə bağlı AFFA-nın rəsmi saytına açıqlama verən gənc mütəxəssis ona əvvəlcə yalnız U-20 yığmasını çalışdırmaq təklif olunduğunu söyləyib: “Ancaq sonra AFFA-nın baş katibi Elxan Məmmədov və Qurban müəllimlə görüşümüz oldu və U-21 yığmasının da baş məşqçisi olmağımı istədiklərini dedilər. Qurban müəllim milli komandalar arasında yeniyetmə və gənclərin itməməsi, daim beynəlxalq oyun təcrübəsinə malik olması üçün U-18 və U-20 yığmasının yaradılmasını istədi. Bildiyiniz kimi, U-20 yığmasına cəlb olunacaq 1998 və 1999-cu il təvəllüdlü futbolçular növbəti seçmə mərhələdən artıq U-21 yığmasına keçəcəklər. Həm də nəzərə almalıyıq ki, seçmə mərhələnin başa çatmasına az qalıb və indidən növbəti yaş qrupunu hazırlamaq lazımdı. Bu məqsədlə hər iki yığmanı mənə həvalə etdilər. Qarşıdakı oyunlarda həm də növbəti seçmə mərhələ üçün komandanı formalaşdırmağa çalışacam. 1998 və 1999-cu il təvəllüdlü futbolçulardan ən yaxşılarını təcrübə qazanmaları üçün U-21 yığmasına da cəlb edəcəyik. Futbolçuların seçimi ən çox diqqət yetirməli olduğumuz məqamdır. Milli komandaya işini sevən, qarşısına böyük məqsədlər qoyan və milli formaya dəyər verən futbolçular dəvət alacaq. U-20 yığmasındakı fəaliyyətim əsasən may ayından sonra başlayacaq. Yoxlama oyunları keçirməyi planlaşdırırıq. Növbəti seçmə mərhələyə qədər komandanı formalaşdırmağa çalışacam. Bundan sonra isə həm U-20, həm də U-21 yığmasının baş məşqçisi ayrı olacaq. “Qarabağ”ın U-19 komandasındakı işimə gəlincə, oradakı fəaliyyətimi başa vuracam”.
Qeyd edək ki, Rəşad Sadıqov hazırda eyni zamanda “Qarabağ”ın kapitanıdı.
Yenifakt.info
Müstəqil xəbərlər portalı