“Xatirələr həddən artıq çoxdur, onları daşımaq asan deyil”
Həmkarların ad günü olanda sevinc hissi ilə yanaşı, qəribə bir hüzn də çökür insanın içinə. “Köhnə nəsil jurnalistləri” dediyimiz çevrə yavaş-yavaş gənclikdən yaşlılığa doğru addımlayır. Uğurları, sevincləri, kədərləri ilə həm də.
Axar.az saytının redaktoru Anar Niftəliyev də “4″ləri qoşalayanda” bənzər hissi yaşadıq. Həmkarlarımızın yaşının üstünə yaş, təcrübəsinin üstünə də təcrübə gəlir… Eyni zamanda həyatın da sınaqlarından çıxırlar. Məni bir az ağır söhbətin gözləyəcəyini bilirdim öncədən. Çünki Anar bəy sıradan tale, sıradan jurnalist həyatı yaşanlardan deyil mənimçün. Xüsusən də həyatının son bir neçə ili gözümüzün qabağında, kədərli film səhnələri kimi yaşanıb… İtki, daha çox güc, unutmaq üçün daha çox iş, əmək, zəhmət…
– Anar bəy, oxuculara arayış olsun deyə bildirim ki, müsahibə üçün vədələşib bir araya gəlməmiz çətin oldu. Məlum oldu ki, siz də həyatını kompüter arxasında keçirənlərdən, saytın nəzarətini bir dəqiqə belə olsun buraxa bilməyən redaktorlardansınız, Sıxılmırsız belə həyat tərzindən? Necə deyərlər, fəsillər və həyatları pəncərədən seyr etmək yormur sizi?
– Əksər redaktorların həyatını kompüter arxasında keçirməsi oxucuya hörmətdən, peşə sevgisindən, bir az da məcburiyyətdən qaynaqlanır. Məncə, saytın bütün materiallarına gün ərzində bir şəxs mütləq nəzarət etməlidir, yoxsa təkrarlar və ya eyni xəbərin fərqli təqdimatı, yanlışlar qaçılmaz olur. Mənim timsalımda isə bunun fərqli səbəbi də var…
Sıxılmağa gəlincə, əlbəttə, bəzən çox yorucu və bezici olur. Fəsilləri və həyatı heç pəncərədən də seyr edə bilmirik: bir də ayılırsan ki, həftə, hətta ayın necə keçdiyini görməmisən. Bəzən, ümumiyyətlə, baş götürüb qaçmaq istəyirsən…
– Üstəgəl, artıq ünsiyyəti də sosial şəbəkə, telefon vasitəsilə daha çox həyata keçirməyə çalışırıq. İnsan amili azalır, texniki vasitələr ön plana çıxır. Vaxt qıtlığı yaşayan meqapolis insanı olaraq bu durumdan məmnunsuz, yoxsa 10-15 il öncənin dostluqlarını, ünsiyyətlərini özləyirsiz?
“İntihar üçün 50, yaşamaq üçün 51 səbəb tapmaq olur” |
– Əslində sosial şəbəkə üzərindən təmaslar işimizi təkcə asanlaşdırmayıb, həm də ünsiyyəti qoruyub saxlamağımıza imkan yaradıb. Yoxsa bu gərgin iş rejimində, ümumiyyətlə, əlaqə çox zəif olardı. Təbii ki, canlı ünsiyyət tamamilə fərqli aura yaradır. Tolstoya xəbər edirlər ki, telefon kəşf olunub, dahi yazar da deyir ki, mən heç vaxt ondan istifadə etmərəm. Səbəbini də belə izah edir ki, mən dediyim sözün qarşı tərəfdə hansı reaksiya doğurduğunu üz cizgilərindən müşahidə etməsəm, həmsöhbət olmaram. İnsanın ünsiyyəti təkcə dediyi və ya yazdığı sözlə olmur ki! Hətta mütəxəssislərin iddiasına görə, sözlər fikrin 7-15 faizini ifadə edir, gerisini “mimikalar” deyə ümumiləşdirdiyimiz göz, üz, bədən dili danışır. Həm də canlı ünsiyyətdə auraların təması var. Yəni canlı ünsiyyəti heç nə əvəz etməz və mən də darıxıram çox zaman o ünsiyyətlər üçün. Ancaq indi ürəyim evdə qalır, işdən dərhal sonra evdə olmaq öhdəliyimi tale yazıb, buna mütləq əməl etməliyəm. Etməsəm, özümü bağışlamaram.
– 44 yaş… “Güzgülü” rəqəm deyirlər buna… Bəs həyatınızda hər şey güzgü kimidir? Aydın, təmiz…
– Şəffaf yaşamışam hər zaman, həyatım göz önündə olub – sevgim də, nifrətim də, kədərim də… Həyatımda ört-basdır etmək istədiyim heç nə yoxdur, zatən, gizlədə də bilmərəm. Ancaq xatirələr həddən artıq çoxdur, onları daşımaq asan deyil, ona görə bacardıqca bu “güzgüyə” baxmamağa çalışıram.
– Bu yaşınızda gəldiyiniz yerdən, olduğunuz nöqtədən razısız?
– Çox böyük və əhatəli cavab istəyən sualdır… Uğurlar da, uğursuzluqlar da ötəridir, biz yalnız mövcud olduğumuzu göstərmək üçün çalışırıq: maşını yüksək sürətlə idarə edən də, qaydaları pozan da, axına qarşı üzən də – hamı yaşadığını nümayiş etdirmək istəyir. Diqqət edirsinizsə, azacıq fürsət tapan kimi, getdiyimiz-gördüyümüz yerin dadını çıxarmaq, gözəllikdən zövq almaq əvəzinə, dərhal bir “mənzərəli yerdən” fotomuzu çəkib paylaşırıq. “Mən varam, mən mövcudam, mən burdayam” eqosudur, özünüifadə formasıdır. Biz isə “xəbər daşımaqla” özümüzü ifadə edirik və bu bütün günümüzü, şüurlu fəaliyyətimizi əhatə edir. Bu baxımdan gəldiyimiz yer də, olduğumuz nöqtə də özümüzü ifadə etdiyimiz yerdir – əvvəl necə idi, indi də elədir və yəqin bundan sonra da elə olacaq. 40-dan sonra başqa sənət öyrənməzlər ki?
– O gün həmkarım Jalə Mütəllimova 2000-ci illər jurnalistlərini “bizim uşaqlar” adlandırdı öz yazısında. İllər sürətlə keçdi və biz birdən yaşlı jurnalistlərə çevrildik. Amma bununla belə, yeni mediada təmsil olunur, dövrün tələbləri ilə ayaqlaşmağa çalışırıq. Yenə də bir araya gələndə “bizim dönəm” jurnalistikasının daha güclü, daha gözəl olduğunu etiraf edirik çoxumuz. Razısız mənimlə?
“İşdən dərhal sonra evdə olmaq öhdəliyimi tale yazıb, buna mütləq əməl etməliyəm. Etməsəm, özümü bağışlamaram” |
– Birmənalı və heç bir tərəddüd etmədən razıyam. Çox vaxt “bizim nəsil” deyirəm öz uşaqlarımıza. Bizim nəsil çox çətinliklərdən keçdi, indiki gənclik istəsə belə, bizim yaşadıqlarımızı yaşaya bilməz. Daha aktiv həyat idi, öyrənməyə daha çox zaman, müzakirə etməyə daha çox mövzu vardı, zaman yetişdirdi bizim nəsli. Diqqət edirsinizsə, hazırda da medianın aparıcı qüvvəsi bizim nəsildir. Bizim nəsil çox doğmadır mənə: hansı qəzetdə, hansı saytda olmaları önəmli deyil, özümü onların yanında hiss edirəm, gücüm çatdıqca dəstək olmağa çalışıram və onlardan da dəstək görürəm. Əksəriyyəti ilə illərdir görüşə bilmirik, ancaq fərq etməz: oxuyuram onları, paylaşıram, hətta statuslarına qədər diqqət edirəm. Bu, təkcə təəssübkeşlik deyil, həm də onların uzun illərin təcrübəsindən doğan gərəkli fikirlərinin cəmiyyətə çatmasına dəstək olmaqdır, o ismarışları bölüşməkdir.
– Xəbər gün ərzində “maşın-maşın” gəlir saytlara az qala. Dəniz misalı, seç seçə bilirsənsə. Bəs bu çoxluq bir redaktor, bir oxucu olaraq sizi qane edirmi? Doyursuzmu? O xəbərlərin içində ölkəmizi görə bilirsizmi?
– Orta məktəbdə oxuyanda komissiya gəlmişdi sinfimizə, 7-8-ci sinifdə olardıq. Sinif yoldaşlarımızdan birini çağırdılar lövhəyə, xeyli sual-cavabdan sonra komissiya üzvlərindən biri xəritəni göstərib soruşdu ki, bax, bu Ob, Yenisey və s. çaylar niyə üzüyuxarı, Şimal Buzlu okeanına axır, axı çay enişə axmalıdır. Sinif yoldaşımız da qayıtdı ki, müəllim, dünya sizin düşündüyünüzdən daha böyükdür, ona görə. Baxmayaraq ki, bu söz müəllimə deyilməz, ancaq komissiya üzvü güldü və o uşağı alqışladı.
Ancaq indi düşünürəm ki, dünya biz düşündüyümüzdən daha kiçikdir. Əgər İraqda baş verən yeraltı təkanlar anında Bakıda hiss edilirsə, Avropadakı “soyuq hava kütləsi” bir-iki gün sonra Azərbaycanda özünü göstərirsə, Ərəbistanda həbslər qısa müddətdə neftin qiymətini qaldırırsa, başqa sözlə, birbaşa Azərbaycanın gəlir-çıxarına və iqtisadi siyasətinə təsir edirsə, hər xəbərin içində ölkəmiz var və yaxud hər xəbər dolayısı ilə bizə də aiddir. O ki qaldı çoxluq məsələsinə… Bəs ona görə saytdan ayrıla bilmirik: xəbər çoxdur, bizim dünyanın bir parçası olduğumuzu və ölkəmizə də dünyada baş verən proseslər çərçivəsində baxış müstəvisi təmin etmək üçün oxucuya onları vaxtaşırı çatdırmalıyıq.
– Mən hər dəfə sizin fotonuzu, yazınızı və ya sosial şəbəkədə profilinizi görəndə içimə bir kədər çökür. Xüsusən də profil fotonuzda bir-birinə sarılan iki qızınız və örtük fotosunda mərhum həyat yoldaşınız Elnarə xanımı görəndə… Azərbaycanda həyat yoldaşını itirən və iki qızına təkbaşına baxan kişi nümunəsi o qədər də çox deyil. Biz baxanda bu qədər sarsılırıq, bəs siz bu kədərin, bu yükün öhdəsindən necə gəlirsiz?
– Allah dərdi verəndə səbrini də göndərir, deyirlər. Yəqin ki, Allah kömək edir, yoxsa dözmək olmazdı…
– Doğrudanmı zaman və iş-güc hər şeyin dərmanıdır? Siz bu iki nəsnənin sayəsində itkilərinizi, kədərlərinizi xəfiflədə bilmisiz?
– Əgər sənin bir qolun, ya ayağın kəsilibsə, ilk günlər dəhşətə gəlirsən, ancaq zamanla qolsuz, ayaqsız yaşamağa alışırsan. Yəni zaman heç nəyi unutdurmur, heç nəyi qaytarmır və əvəz etmir, dərdi azaltmır, sadəcə, o ağrını daşımağa öyrəşirsən. İş-güc o ağrını unutmaq üçün deyil, onu unutmaq mümkün deyil, sadəcə, sanki əlil arabasıdır, o ağrı ilə yaşamaq vasitəsidir. Özünə qapılan kimi, düşünməyə fürsət olan kimi hər şey dəyişir. İş-güc o “güzgüyə” baxmağa mane olan əsas vasitədir. Həm də mənim söykənəcək yerim – iki dünya gözəlim var və bunlara görə Allahıma çox minnətdaram.
– Həyat sizə qarşı ədalətsiz davrandı… hissinə tez-tezmi qapılırsız? Yoxsa tale deyib, keçirsiz?
– Desəm ki, qəti elə düşünmürəm, yalan demiş olaram. Əlbəttə, günün müəyyən anlarında o hiss sarır adamı. “Niyə belə olmalı idi, mən bunu haqq etmirdim” sualına cavab tapacaq, bunları düşünməyəcək səviyyədə müdrik deyiləm. Ancaq üsyan etmirəm, Allahdan dözüm istəyirəm. Bu dünyada heç nə səbəbsiz olmur, hər şeyi nizamlayan var. O ayrı məsələ ki, biz o nizamı nə qədər dərk və ya hiss edirik. Təsəllim də az deyil – dostlarım var, məni anlayan kiçik çevrəm, ən ağır günlərimdə yanımda olan həmkarlarım var. Allah məni kimsəsiz də qoymayıb axı – şükürlər olsun, iki gözəl qızım, doğmalarım… Doğrudur, mənim öz dünyam artıq yoxdur, ancaq elə onlar mənim dünyamdır, o fidanlar öz dünyalarını, hələ ki, mənsiz təsəvvür etmirlər. Yəni sığındığım dünyam onlardır. Necə deyərlər, intihar üçün 50, yaşamaq üçün 51 səbəb tapmaq olur. Və əlbəttə ki, tale… Orta əsrlərdə “qədərilər” deyə bir təriqət məşhur idi. Hərdən düşünürəm ki, 25 il öncə onlar haqda məlumatı da təsadüfən öyrənməmişəm, yəqin. Tale 20 sentyabra hazırlayırmış məni.
– Nə gözləyirsiz gələn günlərdən, saatlardan… Çox şablon çıxmasın, amma… Ən böyük arzunuz nədir?
– Qızlarım ağıllı, təhsilli, xoşbəxt olsun, ata-analarının taleyini yaşamasınlar və Elnarə xanımın yanına üzüağ gedim… Ən böyük arzum budur.