Məhkumların cəmiyyətə reinteqrasiyası ilə əlaqədar çətinlikləri ictimaiyyətin diqqətinə çatdırmaq, onlara qarşı neqativ steriotiplərin azalması, çəza çəkən şəxslərin fərdi inkişaflarına töhvə vermək məqsədilə həyata keçirilən “Yeni başlanğıc” layihəsinin icrası başa çatıb.Layihə Aynurə Allahverdiyeva, Ərşad Məmmədov, Uğur Nuri və onların mentoru Leyla Əzizli tərəfindən həyata keçirilib.
“İnkişaf zamanı” proqramı çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində gənclər tərəfindən toplanan 535 kitab Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4,6,16 saylı, Uşaq Tərbiyə və Şəki cəzaçəkmə müəssisələrinin kitabxanalarına hədiyyə edilib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaşəkmə və Uşaq Tərbiyə Müəssisəsində məhkumlarla görüş keçirilib. Məhkumlara qarşı neqativ steriotiplərin azaldılmasına yardım göstərilməsi məqsədilə sosial çarx çəkilib.
Sosial çarx “Yeni başlanğıc” layihəsi heyətinin təşəbbüsü və gənc aktyorlar Ümman Budaqov, Kənan İsmayılov, Rafiz Mehdiyev, Habil Xanlarov, aktrisalar Jalə Quliyeva, Vəfa Qurbanova, Sevda Ağazədənin yardımı ilə çəkilib. Onlar gənclərin bu təşəbbüsünə könüllü dəstək veriblər.
Layihələ yekunlarının təqdimatına Ədliyyə Nazirliyi yanında İctimai Komitə üzvləri, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Milli QHT Forumunun rəhbəri Rauf Zeyni, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İB-nin sədri Əhməd Abbasbəyli iştirak edib.
Təqdimatda İctimai Komitə üzvləri layihə heyəti və gənclərə öz tövsiyyələrini veriblər. Sosial çarxın çəkilməsinə dəstək verən rejissor və aktyorlar, iştirakçılar öz fikirlərini bölüşüblər. İctimai Komitə üzvləri layihə heyəti və iştirakçıların məhkumların islah prosesi, onların cəmiyyətə reinteqrasiyası ilə bağlı suallarını cavablandırıblar. “Konstitusiya” Arşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev layihənin həyata keçirilməsində Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin əməkdaşlığı və dəstəyini xüsusi qeyd edib. Bu təşəbbüsə və könüllü fəaliyyətlərə görə, gənclərə təşəkkür edən Ə.Nuriyev layihənin əhəmiyyətini vurğulayıb: “Layihə fəaliyyətləri əsasən gənclərin könüllü töhfəsi ilə həyata keçirilib. Gənclərin bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Çox sevinirik ki, gənclərimiz bu cür layihələrə maraq göstərirlər. Biz də hər zaman bu təşəbbüslərə dəstək verməyə hazırıq”.
“Yeni başlanğıc” layihəsi çərçivəsində çəkilən sosial çarx: