Nardaran hadisələrindən sonra həbs olunan və 10 aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan 12 nəfərlik üçüncü qrupun işində vəkillərin müdafiə çıxışı mərhələsidir.
Oktyabrın 9-da keçirilən məhkəmədə təqsirləndirilən şəxslərdən Eldar Bünyadov və Elxan Həsənovun vəkilləri çıxış edib. Hər iki vəkil hüquqlarını müdafiə etdikləri şəxslərin günahsız, onlara verilən terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama kimi ittihamların saxta olduğunu bildiriblər.
2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin öldüyü polis əməliyyatı E.Bünyadovun məhrum qardaşının evində keçirilib. Əməliyyat zamanı iki güllə yarası alıb, hərəkət qabiliyyətini itirən, hazırda işi məhkəmədə olsa da, yerindən tərpənə bilmədiyinə görə məhkəməyə gələ bilməyən Əbülfəz Bünyadov onun qardaşı oğludur.
E.Bünyadovun vəkili Elxan Şükürov deyib ki, müvəkkili ümumiyyətlə, «Müsəlman Birliyi» Hərəkatının üzvü olmayıb. Ondan silah-sursat və «Taleh Bağırzadənin müraciəti» adlı kitabçanın tapılması haqda deyilənlər yalandır. Vəkil çıxışının sonunda E.Bünyadov haqqında bəraət hökmünün çıxarılmasını istəyib:
«Məhərrəmlik ayıdır, günahsız insanlara 14 il və daha yuxarı cəzalar istəmək anormaldır, günahdır».
E.Həsənovun vəkili Ramiz Məmmədov müdafiə çıxışında iş materiallarındakı prosessual pozuntulardan, ziddiyyətlərdən danışıb. Deyib ki, məsələn, E.Həsənovdan qumbara tapıldığı yazılıb, amma qumbaranın markası bəlli deyil.
«Əgər insanın əlində çəkic varsa, o, hər şeyi mismar görür. Bu adamlara qarşı elə davranıblar», – vəkil belə deyib.
Müdafiəçi bildirib ki, təqsirləndirilən şəxslərə 10 maddə ilə ittiham veriblər, amma heç bir sübut ortaya qoymayıblar.
Məhkəmə oktyabrın 16-da Nardaran məhbuslarının son sözü ilə davam edəcək.