Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Bələdiyyə qulluğuna qəbul necə həyata keçirilir?

Bələdiyyələrin formalaşdığı dövrdə özünüidarəetmə orqanında qulluq məsələsi də müzakirə edilən mövzulardan olub. Hətta bununla bağlı bir çox ölkələrin təcrübəsinə də istinad edilib. Hazırda bələdiyyə qulluğunun hüquqi tənzimlənməsi, o cümlədən bələdiyyə qulluqçusunun statusu, bələdiyyə qulluğunun həyata keçirilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Bələdiyyə qulluğu haqqında” Qanunu, digər qanunvericilik aktları və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir.

Mövcud qanunvericilik aktlarına əsasən 2015-ci ilə qədər yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyənin qərarına əsasən, digər işçiləri isə bələdiyyənin sədri birbaşa bələdiyyə qulluğuna təyin edirdi. Bələdiyyələrin fəaliyyətində qanunçuluğu, şəffaflığı və obyektivliyi təmin etmək məqsədiylə Prezident İlham Əliyev tərəfindən “Bələdiyyə qulluğu haqqında” Qanununa dəyişiliklər edilməsi barədə 2015-ci il 13 fevral tarixli 1196-IVQD nömrəli qanununun tətbiqi haqqında fərman imzalayıb.

Yeni dəyişiliklərə görə bələdiyyə qulluğuna qəbul “Bələdiyyə qulluğu haqqında” Qanunun 5-ci maddəsinin ikinci hissəsinə əsasən müsabiqə yolu ilə həyata keçirilir. “Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi” Qaydası Nazirlər Kabinetinin 2015-ci il 13 oktyabr tarixli, 324 nömrəli qərarı ilə müəyyənləşdirilir.

Mövcud qanunvericiliyin ölkə bələdiyyələrində tətbiqi ilə bağlı Milli Assosiasiyalar tərəfindən maarifləndirici tədbirlər həyata keçirilib. Belə ki, bələdiyyə qulluğuna qəbul qaydaları, müsabiqə komissiyalarının tərkibi, mövcud vakansiyalar, namizədlərin müsabiqədə iştirakı, qəbulun nəticələri, nəticələr üzrə yekun protokolların tərtibi və bələdiyyə qulluğuna qəbulla bağlı digər məlumatların bələdiyyələrin internet səhifəsində yerləşdirilməsi, mərkəzləşdirilmiş vahid elektron resursun yaradılması istiqamətində ölkə bələdiyyələrinə metodiki tövsiyələr verilib.
Həmçinin “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda bələdiyyələrə qulluğa qəbulla bağlı tövsiyələr yer alıb. Həmin sənəddən irəli gələrək bu tövsiyələrin necə həyata keçirilməsi diqqət mərkəzindədir.

Məsələ ilə bağlı Abşeron rayonu Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov bildirib ki, əvvəllər bələdiyyə qulluğuna qəbul özünüidarəetmə orqanının sədri tərəfindən həyata keçirilirdi: “Yəni vətəndaşlar bələdiyyəyə müraciət edirdi və vakansiya olduğu halda işə qəbul edilirdi. Amma hazırda bu qaydalar dəyişib və “Bələdiyyə qulluğu haqqında” Qanuna əsasən bələdiyyə qulluğuna qəbul həyata keçirilir. Belə ki, Nazirlər Kabineti “Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi” Qaydalar müəyyən edilib. Məhz mövcud qanunvericiliyə əsasən bələdiyyə tərəfindən işə qəbulla bağlı komissiya yaradılır. İşlə bağlı müraciət edənlərin sayı, ixtisası, iş təcrübəsi, yaşayış yeri və digər məsələlər barədə məlumatlara baxılır. Daha sonra komissiyanın qərarı ilə bələdiyyə qulluqçusu kimi işə qəbul aparılır”.

E.Əhmədov əlavə edib ki, hazırda Xırdalan bələdiyyəsində 19 nəfər bələdiyyə qulluqçusu çalışır.
Mehdiabad bələdiyyəsinin sədri Əbülfət Nuriyev bildirib ki, bələdiyyə qulluqçuları əvvəlki dövrdən fərqli olaraq “Bələdiyyə qulluğu haqqında” Qanununa əsasən işə qəbul edilir: “İşə qəbul edilərkən bələdiyyə tərəfindən yaradılan komissiya tərəfindən müraciət edənlərin sənədləri yoxlanılır. Bundan sonra komissiya müsabiqə yolu ilə vakant bələdiyyə qulluğu üçün müraciət edən şəxsin işə qəbul edilməsi ilə bağlı qərar qəbul edir. Bu qərardan sonra işə qəbulla bağlı əmr verilir. Təbii ki, işə qəbul zamanı müraciət edən vətəndaşın təhsili, iş təcrübəsi və digər qanunvericilikdən irəli gələn məsələlər komissiyada baxılır”.

Ə.Nuriyev əlavə etdi ki, bələdiyyə qulluğuna qəbulla bağlı “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tövsiyələr nəzərə alınır.

Yazı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Bələdiyyərin fəaliyyətinin təbliği” İctimai Birliyi tərəfindən həyata keçirilən “Region bələdiyyələrinin fəaliyyətində şəffaflığın artırılması ilə bağlı bilik və bacarıqların inkişaf etdirilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində hazırlanıb.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir