Biləsuvar rayonunda məcburi köçkünlərin yaşadığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsi ilə bağlı keçirilən etiraz aksiyasında həbs olunan beş nəfərin məhkəməsi başa çatıb.
Biləsuvar rayonunda yerləşən Cəbrayıl rayon Məhkəməsində hakim Təranə Hüseynovanın sədrliyi ilə keçirilən proisesdə təqsirləndirilən 5 nəfərdən 3-nün şərti azadlığa buraxılması barədə hökm verilib.
Vəkil Elçin Sadıqov bildirib ki, hökm avqustun 14-də elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Gülağa Alməmmədov, İlkin İskəndərov və Cəlal Quliyev şərti olaraq azadlığa buraxılıb.
Məhkəmə digər iki nəfəri – Ülvi Quliyev və Zaur Feyruzun 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
E.Sadıqov hökmdən yuxarı məhkəmələrə şikayət verilməsini müvəkkillərilə müzakirə edəcəyini bildirib.
2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər elektrik enerjisinin fasilələrlə verilməsinə etiraz olaraq etiraz aksiyası keçirib. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verdiyi bildirilir.
Rəsmi məlumata görə, toqquşmada polis əməkdaşları xəsarət alıb. Məcburi köçkünlər aksiya iştirakçılarından da xəsarət alanların olduğunu deyib.
Qəsəbədə yaşayan Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Əliməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərov həbs edilib. Onlara Cinayət Məcəlləsinin 186.2.2 (özgə əmlakını məhvetmə, partlatma və yandırma), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittihamlar verilib.
Aksiyadan sonra həmin qəsəbələrə qaz çəkilib.