Keniyada avqustun 8-də keçirilmiş prezident seçkilərinin nəticələrinin açıqlanması ölkədə hakimiyyət uğrunda silahlı toqquşmalara və iğtişaşlara səbəb olub.
Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Keniya Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən seçkiləri indiki dövlət başçısı Uxuru Keniata udub. Lakin müxalifət əmindir ki, seçkilərin nəticələri saxtalaşdırılıb və prezident müxalifətin namizədi-Keniatadan 1 milyon səs çox toplamış Rayla Odinq olmalıdır.
Nəticədə müxalifət tərəfdarları paytaxt Nayrobidə və digər iri şəhərlərdə küçələrə çıxıblar, təhlükəsizlik qüvvələri ilə toqquşmalar başlayıb. Bu toqquşmalarda indiyədək azı 28 nəfər, o cümlədən təsadüfi gülləyə tuş gəlmiş 8 yaşlı qız ölüb. Müxalifətçilər isə bildirirlər ki, qurbanların sayı daha çoxdur, hakimiyyət polis bölmələrində işgəncələrdən ölən fəalların sayını gizlədir. Bütün bunlara baxmayaraq Odinq avqustun 17-də elan edib ki, səsvermənin nəticələri ilə bağlı Ali məhkəməyə şikayət edir və o, öz tərəfdarlarını hökmün elan edilməsinə qədər məhkəmənin qarşısından çəkilməməyə çağırıb.