Şəmkirdə baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub.
Media-fakt.info APA-ya istiandən xəbər verir ki, 1992-ci il təvəllüdlü Pərvanə İlqar qızı Mahmudova həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nəsrəddin Fəzail oğlu Mahmudov və iki azyaşlı uşaqları – 2014-cü il təvəllüdlü Sənan Mahmudov, 2016-cı il təvəllüdlü Səma Mahmudova ilə birlikdə ərinin bibisi Dursun Mahmudovaya məxsus Şəmkir rayonu Zəyəm qəsəbəsi Xətai küçəsi ev 5 ünvanında yaşayıblar.
İyulun 25-də saat 20 radələrində Dursun Mahmudova ilə aralarında baş vermiş münaqişədən sonra Pərvanə Mahmudova uşaqlarını da götürüb atasıgilə getmək adı ilə evdən çıxıb. Lakin o, atasının evinə yox, dəmir yolu istiqamətinə gedərək uşaqlarının əlindən tutub özünü Böyük Kəsik- Bakı istiqamətində hərəkətdə olan sərnişin qatarının altına atıb. Nəticədə P. Mahmudova və uşaqları müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüblər.
Qatarın maşinisti Şəmistan Əhmədov və maşinist köməkçisi Ələnşir Əliyev şifahi izahat verərək bildiriblər ki, bir qadın iki azyaşlı uşağının əlindən tutaraq 8-10 metr məsafədə özünü onların idarə etdiyi qatarın altına atıb. Onlar əyləc sistemini dərhal işə salaraq qatarı dayandırsalar da, faciədən qaçmaq mümkün olmayıb.