Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Regionlarda “Açıq hökumət” təşəbbüsü ilə bağlı məlumatlandırma” layihəsi çərçivəsində növbəti tədbirini keçirib.
Mediafakt xəbər verir ki, İsmayıllı şəhərində 30 nəfərin iştirakı ilə keçirilən tədbir iki saatdan artıq davam edib. Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülər Baxışova maarifləndirmə xarakterli bu kimi tədbirlərin region sakinləri üçün əhəmiyyətindən danışıb. Daha sonra çıxış edən Qadın Problemlərinin Tədqiqatları Mərkəzinin sədri Sevil Allahverdiyeva layihə haqqında iştirakçılara məlumat verib.
Layihənin əsas məqsədinin məlumatlandırma yolu ilə Azərbaycanda Açıq Hökumət Təşəbbüsünün tətbiqinə töhfə verməkdən ibarət olduğunu bildirən S.Allahverdiyeva tədbir çərçivəsində verilən məlumatların iştirakçılar üçün faydalı olacağına ümid etdiyini deyib.
Daha sonra Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü Xalid Kazımov iştirakçılara Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü ilə bağlı məlumat verib. Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü yaradılması ideyasından danışan X.Kazımov bildirib ki, Azərbaycan təşəbbüsə qoşulan ilk ölkələrdən biridir: “Hazırda 75-dən artıq ölkə təşəbbüsü dəstəkləyir. Bir sıra subyektiv səbəblərlə bağlı 2016-cı il mayın 4-də Açıq Hökumət Təşəbbüsü Rəhbər Komitəsi tərəfindən Azərbycanın statusunun müvəqqəti dondurulması barədə qərar qəbul olunsa da, ölkəmiz Açıq Hökumətin prinsiplərinə sadiq olacağını elan edib. Azərbaycanla bağlı qərar bu ay veriləcək və ümid edirik ki, bu qərar müsbət olacaq”.
X.Kazımov bildirib ki, hazırda Azərbaycan Açıq Hökumət Tərəfdaşlığının tətbiqi istiqamətində fəaliyyətini davam etdirir: “Azərbaycan Prezidentinin 2421 saylı, 5 sentyabr 2012-ci il tarixli fərmanı ilə “2012-2015- ci illərdə Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı” təsdiqlənib. 27 aprel 2016-cı il tarixdə Prezidentin müvafiq sərəncamı ilə isə növbəti, “Açıq hökumətin təşviqinə dair 2016-2018- ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Plan 11 istiqamət üzrə qruplaşdırılmış 58 tədbiri əhatə edir. Həmin istiqamətlər üzrə nəzərdə tutulan tədbirlərin icrası istiqamətində işlər davam etdirilir”.
Daha sonra “Açıq Hökumətin təşviqinə dair 2016-2018- ci illər üçün Milli Fəaliyyət Planı” haqqında iştirakçılara məlumat verən Xalid Kazımov fəaliyyət planında görülməsi planlaşdırılan işlərlə bağlı sualları cavablandırıb. Eyni zamanda iştirakçılara respublikamızda dövlət qurumlarının göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı nəzəri və təcrübi məlumat verilib. Sonda elektron xidmətlərdən istifadə ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, layihə çərçivəsində növbəti tədbir Quba rayonunda keçiriləcək.