Latviya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bunu Latviya prezidenti Raymonds Veyonis Azərbaycanın dövlət başçısı İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Latviya prezidenti qeyd edib ki, Qarabağ münaqişəsi ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında dinc yolla həll oluna bilər.
O deyib ki, bu gün imzalanan strateji tərəfdaşlıq haqqında birgə bəyannamə və digər sazişlər ikitərəfli münasibətlərin inkişafna müsbət təsir göstərəcək.
Latviya prezidenti Azərbaycanla əməkdaşlığın nəqliyyat, xüsusən də beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizi baxımından daha sıx olacağını nəzərə çatdırıb.
O, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərə toxunduqlarını deyərək bu əlaqələrin gücləndirilməsinə Latviyanın hər zaman dəstək verdiyini söyləyib: “Bu ilin noyabrında bu məqsədlə sammit keçiriləcək və bu, bizim qarşılıqlı əməkdaşlığın uzunmüddətli perspektivlərini müəyyənləşdirəcək, Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələr bütövlükdə müəyyən olunmuş daha konkret formasını tapacaq”.
R.Veyonis “Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsində, təbii qazın Avropa İttifaqındakı istehlakçılara çatdırılmasında Azərbaycanın səylərini dəstəklədiyini söyləyib.