“Еrfurt Thueringer Allgemeine” nəşri Erfurtda uzun illər saxta kredit biznesi təşkil etmiş erməni mafioz klanları haqqında məlumat yayıb (bax: http://erfurt.thueringer-allgemeine.de/). Nəşrin yazdığına görə, izlər Hessen və Türingiya tikinti əmanət kassasına, Türingiya mərkəzi əmanət kassasına və digər banklara aparıb çıxarır. Bu məlumat Cinayətkarlığa qarşı Mübarizə Federal Agentliyinin təhqiqat sənədlərində əks olunub.
Bu biznesə erməni mafiyasının ehtimal olunan iştirakçıları, sabiq bank işçiləri və kredit alınması üzrə digər vasitəçilər cəlb ediliblər. Müstəntiqlər hesab edirlər ki, bu kredit biznesinin arxasında pulların yuyulması sistemi dayanır. Cinayətkarlığa qarşı Mübarizə Federal Agentliyi və dövlət prokurorluğu 2009 və 2015-ci illərdə erməni mafiyasına qarşı təhqiqat aparıblar. Bu geniş təhqiqat zamanı həmin orqanlar məlum saxta strukturlarla üzləşiblər.
Əksər hallarda kreditləri uydurma şəxslər alıblar. Müvafiq təkliflər üçün banklarda əməkhaqqı, vergi haqqında arayışlar və digər sənədlər saxtalaşdırılıb. Uydurma şəxslər kredit vasitəçiləri ilə əlaqələr quran mafiya başçıları tərəfindən təşkil edilib. Banklar kreditləri saxta sənədlərə əsasən veriblər.
Məbləğ əksər hallarda 60 və ya 70 min avronu ötməyib. Müstəntiqlər güman edirlər ki, borcların ödənilməsi üçün kriminal strukturların pullarından istifadə olunub. Borcların ödənilməsindən sonra mafiya “təmiz” pullar alıb. Televiziya təhqiqatına görə, məlum biznes hazırda da davam edir.
Cinayətkarlığa qarşı Mübarizə Federal Agentliyi təhqiqat zamanı Hessen və Türingiya əmanət kassalarının binalarında axtarışlar aparıb. Bank mərkəzi alman radiosunda məlumat verib ki, məlum biznesdə iştirakı ehtimal olunan əməkdaş işdən azad edilib. Türingiya mərkəzi əmanət kassası da saxta biznesə cəlb olunub.
Əmanət kassasına işləyən, kredit alınması üzrə vasitəçi də bu əməliyyatda iştirak edib. Əmanət kassası məlumat verib ki, Cinayətkarlığa qarşı Mübarizə Federal Agentliyinin təhqiqatlarından xəbərsiz olub. Lakin təhqiqat aktlarından görünür ki, əmanət kassası artıq məlum məsələ üzrə hesabat təqdim edib. Kredit verilməsi üzrə vasitəçi və sabiq bank meneceri şərhlərdən boyun qaçırıblar(azərtac).