Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyi Qax rayonunda ikinci tədbirini keçirdi
Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyi
Qax rayonunda ikinci tədbirini keçirdi
Selektibv abortun qarşısını almaq üçün şüur tərzi dəyişməlidir.
07 iyun 2016-cı ildə Qadın Problemlərinin Tədqiqatları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Hamiləliyin süni şəkildə pozulmasının qarşısının alınması üçün maarifləndirmə işlərinin təşkili” layihəsi çərçivəsində Qax rayonunda ikinci tədbirini keçirmişdir.
Maarifləndirmə tədbiri Qax Mərkəzi Rayon Xəstəxanasında təşkil edilmişdir. Tədbirdə Tibb işçiləri, Ailə, Qadın, Uşaq Hüquqları üzrə Dövlət Komitəsinin əməkdaşları, təhsil işçiləri və işləməyən şəxslər, o cümlədən gənc qızlar və yeni ailə qurmuş xanımlar iştirak etmişlər. 35 nəfərədək xanımın iştirak etdiyi tədbir iki saatdan artıq davam etmişdir.
Tədbiri giriş sözü ilə açan təşkilatın rəhbəri Sevil Allahverdiyeva layihə və onun aktuallığı barəsində danışdıqdan sonra sözü tədbirin məruzəçisi Mehriban Vəzirə verdi. M.Vəzir ümümiyyətlə qadınların cinsi münasibətdə həmişə ikinci planda olduğu və hətta nəhayətdə texnologiyanın da onları məhv etdiyini bildirdi. Ümumiyyətlə məruzəçi bu problemin daha çox ictimai, sosial tərəflərindən danışdı. Ayrı-ayrı ölkələrdə qız dölün abort edilməsini və ikinci, üçüncü hamiləlikdə bunun daha çox üzə çıxmasını statistika ilə qeyd etdi.
Tədbir yenə də iştirakçıların xüsusi fəallığıyla keçdi. Daha sonra layihənin digər məruzəçisi Rafiq Təmrazov cəmiyyətdə kişi qadın münasibətləri və qadınların cəmiyyətdə daha çox ikinci insan olmasının sosial tərəflərindən danışdı. Qeyd olundu ki, istər məişət, istər təhsil, istərsə də hüquqların tələb edilməsi baxımından qadınlar həmişə əzildiklərinə görə məhz valideynlər oğlan övladına üstünlük verirlər. Məsələnin hüquqi müstəvidə həll oluna biləcəyinin mümkün olmadığını bildirən məruzəçi şüur tərzinin prosesə müsbət təsir edəcəyini bildirdi.
Qarşılıqlı diskussiya şəklində keçən tədbirdə həm də hamiləliyin süni dayandırılmasının fəsadları barəsində söhbət açıldı. Tədbir iştirakçıları da regionda baş verənlər, bu tendensiyayla bağlı mövcud vəziyyətdən danışdılar. Xüsusi olaraq Qax rayonunda bu cür tədbirlərdə kişilərin də iştirakının zəruri olması vurğulandı.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Qalib Yaqubov da iştirak etdi.
Qadın Problemlərinin Tədqiqatları
Mərkəzi İctimai Birliyinin Mətbuat Xidməti