Namizəd Səfərov: “Bəzən polisdən narazılığını bildirənlərin polisdən meyidi çıxır”
Son vaxtlar ölkə mediasında polis nəzarətində, habelə Penitensiar Xidmətə məxsus təcridxanalarda saxlanılan şəxslərin ölüm halları ilə bağlı informasiyalara daha çox rast gəlinir.
Maraqlıdır, bu cür halların artmasına sadəcə bir təsadüfdürmü? Yoxsa bütün bunlar güc orqanlarının vətəndaşlara sərgilədiyi təzyiq və zorakılıqdan xəbər verir?
Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən tanınmış hüquqşünas Namizəd Səfərov bunu bəzi polis əməkdaşlarının vətəndaşa olan laqeyd və zorakı münasibəi ilə izah etdi:
“Bu gün polis orqanlarında özbaşınalıq hökm sürür. Bəzi polis əməkdaşları öz vəzifələrini icra etmək istəmirlər. Vətəndaşların ərizə və şikayətlərinə laqeydliklə yanaşırlar. Halbuki, dövlət qulluğu haqqındakı qanunda birbaşa göstərilir ki, vəzifəli şəxslər öz vəzifələrinə məsuliyyətlə yanaşmalıdırlar. Onlar öz vəzifələrinə məsuliyyətsiz yanaşdıqlarına görə, cinayət məsuliyyəti daşıyırlar. Lakin vətəndaşların bir çox hallarda ərizələrinə cavab verilmir, ərizələr illərlə baxımsız şəkildə icraatda qalır. Bunu görən vətəndaş isə əsibiləşib polis idarəsində öz narazılığını ifadə edir, orada isə onu döyüb meyidini çıxardırlar.
Polis orqanlarında xəsarət alan insanların sayı artıb. Buna səbəb isə odur ki, onlar etdikləri əmələ görə məsuliyyət daşımayacaqlarından əmindirlər. Təəssüfedici haldır ki, prezident də çıxışlarının birində təxminən eblə bir fikir vurğuladı ki, mən polis orqanlarına heç bir söz deməyəcəm, onlara inanıram, nə istəyirlər etsinlər. Bu cür yanaşma doğru sayıla bilməz. Kimliyindən asılı olmayaraq hər kəs törətdiyi əmələ görə cavab verməlidir”.
Seymur Əliyev