Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Sabiq nazir haqqında 7 il həbs hökmü dəyişdirilmədi

Sabiq nazir haqqında 7 il həbs hökmü dəyişdirilmədi

İyunun 22-də Bakı Apellyasiya Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun 7 il azadlıqdan məhrum edilməsi haqda hökmdən verilən şikayətə baxılıb.

Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılan Əli İnsanov öz məhkəməsinə gəlməyib. O, ərizə göndərərək, məhkəməsinin onun iştirakı olmadan keçirilməsini istəyib.

Vəkilin sözlərinə görə, verilən ekspert rəyi tam deyil. Müəyyən məsələlərlə bağlı zəruri ekspertizalar keçirilməyib. Müdafiə tərəfi instansiya məhkəməsində təkrar və yeni ekspertizaların keçirilməsi haqda vəsatətlər qaldırsa da, təmin olunmayıb: “Biz Əli İnsanovun psixotrop tərkibli dərmanlar saxladlığı iddia olunan şüşə qabın üzərində əl-barmaq izlərinin olub-olmadığını müəyyənləşdirmək məqsədilə ekspertiza keçirilməsini istəyirdik. Əgər iddia olunduğu kimi, Əli İnsanov o qabdan istifadə edibsə, üzərində onun əl izləri olmalı idi. Yaxud, Əli İnsanovun cırdığı iddia olunan protokolun da ekspertizası keçirilmədi. Halbuki, adam protokolu cırıbsa, deməli, üzərində əl izləri olmalıdır. Yazıblar ki, guya Əli İnsanov psixotrop tərkibli həbləri özü qəbul edirmiş və bu məqsədlə də onları qabda saxlayıb. Amma kimyəvi ekspertiza keçirib onun qanında psixotrop tərkibli maddələrin olub-olmadığını müəyən etmədilər. Birinci instansiya məhkəməsində Anar Təhməzov adlı şahid dindirildi. O bildirdi ki, şüşə qabı Əli İnsanovda görməyib. Amma hökmdə şahidin ifadəsi təhrif olunub, yazılıb ki, Əli İnsanovun o qabdan dərmanları götürüb istifadə etdiyini görüb. Ən azı, bu ziddiyyətin aydınlaşdırılması üçün Anar Təhməzov bura çağrılıb dindirilməlidir. Elə məsələlər var ki, onların üstündən keçmək olmur”.

Vəkil qeyd edib ki, cəzaçəkmə müəssisəsində Əli İnsanovun əşyalarının saxlanıldığı, qapısı bağlı otağa baxış keçirilib, otağın açarını tapıb, hal şahidlərini çağırıblar, amma özünə heç bir məlumat verməyiblər: “Bu, ona bənzəyir ki, adam maşınını saxlayıb, yeməkxanaya girib. Gəlib adamın maşınında axtarış aparırlar, 50 metr kənarda özünə heç nə demirlər. Biz hesab edirik ki, Əli İnsanov haqda qərar artıq hazırdır və mənim burada çox danışıb, sübutları ortaya qoymağıma ehtiyac yoxdur”.

Vəkil cəzanın ağırlığına da etiraz edib. Deyib ki, cəza Əli İnsanovun şəxsiyyətinə adekvat deyil: “Bu adam 4 akademiyanın üzvü olub, Azərbaycanda dərman kəşf edən yeganə alimdir. Uzun illər deputat, nazir olub”.

Əli İnsanovu həbsdən buraxmamaqdan ötrü ona qarşı saxta cinayət işi quraşdırılacağının əvvəlcədən ehtimal edildiyini deyən vəkilin sözlərinə görə, hətta mətbuat da bu haqda yazmışdı. Müdafiəçi deyir ki, Əli İnsanov 11 illik həbsdən çıxmasına 58 gün qalmış şərlənib.

Vəkil özü də hadisədən əvvəl Əli İnsanova xəbərdarlıq edibmiş: “Cəzaçəkmə müəssisəsində Əli müəllimə dedim ki, ehtiyatlı olun, kimsə gəlib təxribat məqsədi ilə sizə sataşar. O da cavab verdi ki, mən müəssisənin həyətində getdiyim yerdə kimsə gəlib qarşımda öz yaxasını cırarsa, mən nə edə bilərəm?”

Ağaveyis Şahverdi Əli İnsaov haqqında bəraət hökmü çıxarılmasını istəyib.

Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra hökmün dəyişdirilmədən qüvvədə saxlanıldığını elan edib.

Əli İnsanovun vəkilləri Ağaveyis Şahverdi və Toğrul Babayev qərardan Ali Məhkəməyə şikayət edəcək.

Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan vəzifədən sui-istifadə, mənimsəmə kimi ittihamlarla 11 il azadlıqdan məhrum edilib. 2016-cı ilin avqustunda cəzanın bitməsinə 58 gün qalmış ona yenidən cinayət işi başlanıb. Psixotrop tərkibli dərmanlar saxlama, müəssisədə axtarış aparan ədliyyə mayoru Anar Məmmədova xəsarət yetirmə kimi ittihamlarla aprelin 26-da Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir