Tağı Əhmədov məhkəmədə dindirildi; “Birincinin göstərişi” deyəndə o, kimi nəzərdə tuturmuş?
Metropolitenin keçmiş rəisi Akif Çovdarovu əsəbiləşdirdi; Tağı Əhmədovun milyonlarının mənbəyini araşdırmağa hakim imkan vermədi
“Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədov bu gün MTN generalı Akif Çovdarovun məhkəməsində ifadə verib. O, təsdiqləyib ki, Çovdarov MTN-in başqa bir əməkdaşı Rəsul Rəsulov vasitəsilə xəbər göndərib onu şantaj edərək, 3 milyon pulunu alıb. Tağı Əhmədov məhkəmədə deyib ki, o, vaxtilə verdiyi həmin pulu indi geri istəyir.
Amma Tağı Əhmədovun dindirməsi Akif Çovdarov və müdafiəçilərini qane etməyib. Çovdarovun vəkili Sadiq Rəsulov deyir ki, hakimlər Tağı Əhmədovdan 3 milyon alınması məsələsində normal araşdırma aparılmasına imkan vermədilər. Tağı Əhmədovun özünün ifadələrində xeyli ziddiyyətlər olub, amma nə məhkəmə onları araşdırıb, nə də vəkillərin aydınlaşdırmasına imkan verib. Vəkillər Tağı Əhmədovun istintaqdakı ifadəsinin elan olunmasını istəyiblər. Akif Çovdarov deyib ki, həm özü ifadə verəndə, həm də metropolitenin sabiq rəisinin istintaqa ifadəsi elan olunanda Tağı müəllimin özünün də məhkəmədə iştirakını istəyir. Amma hakimlər bu istəklərin heç birini nəzərə almadan tez-tələsik Tağı Əhmədovu yola salıblar, gedib.
“Həmin vaxt Tağı Əhmədov Dubayda idi…”
Vəkil həmin ziddiyyətlərin nədən ibarət olduğunu da açıqlayır: “Tağı Əhmədov dedi ki, istintaqdakı ifadəsini təsdiqləyir. İstintaqakı ifadəsində deyib ki, 2014-cü ilin 25-26 martında MTN əməkdaşı Rəsul Rəsulovla görüşüb. Həmin görüşdə Rəsul Rəsulov ona deyib ki, Akif Çovdarov 3-5 milyon arası pul tələb edir. Guya, iki gün sonra Rəsul Rəsulovla yenidən danışıblar. Rəsulov ona deyib ki, apreldə qeyri-müəyyən bir gündə Akif Çovdarov özü gəlib pulu götürəcək. Pulu da guya aprelin 11-də verib.
Tağı Əhmədov təsdiqlədi ki, bəli, belə bir ifadə verib. Halbuki, həmin Tağı Əhmədov MTN ətrafındakı məlum hadisələrdən sonra – 22 dekabr 2015-ci ildə Baş prokurora ərizəsində də, şahid qismində verdiyi ilk ifadədə də deyir ki, pulu Çovdarova martın sonunda verib. Görünür, bu ifadəni ondan alıblar, sonradan istintaq telefon-anten məlumatlarına, Tağı Əhmədovun giriş-çıxış tarixlərinə baxıb, görüblər ki, heç cür uyğun gəlmir. Çünki Tağı Əhmədov 25 martda ümumiyyətlə, Azərbaycanda olmayıb, Dubayda olub. Dövlət Sərhəd Xidmətinin bu haqda arayışı var. Ona görə pul verilməsini sonradan aprelə keçiriblər.
Tağı Əhmədovun oğlu da, qardaşı oğlu da pulu aparıb Akif Çovdarova martda verdiklərini deyirlər. Qardaşı oğlu Əli Əhmədov üzləşmədə heç pulun harada verildiyini deyə bilmədi. Deyir MOİK-in qarşısında vermişəm, amma MOİK-in harada olduğunu bilmir.
İş materiallarından aydın olur ki, Tağı Əhmədovun martda Rəsul Rəsulovla heç bir danışığı olmayıb. Danışıq aprelin 11-dən sonra olub.
Biz bütün bu ziddiyyətləri ortaya qoyandan sonra Tağı Əhmədov məhkəmədə dedi ki, yox, mən elə ifadə verməmişəm. Təəssüf ki, məhkəmə bu məsələləri daha dərindən araşdırmaq istəmədi. Gördülər ki, Tağı Əhmədov çətin vəziyyətdədir, onu xilas eləmək üçün məhkəmədən çıxarıb evinə göndərdilər”.
“Tağı Əhmədov 44 il xərcləməsə də, maaşla 3 milyonu toplaya bilməzdi”
Sadiq Rəsulovun sözlərinə görə, Tağı Əhmədovun Akif Çovdarova verdiyini iddia etdiyi 3 milyonun mənbəyi məsələsinə də aydınlıq gətməyə hakimlər imkan verməyib: “Biz pulun mənbəyi ilə bağlı iyirmiyə yaxın sual verdik. Amma hakimlər qətiyyən imkan vermədilər ki, bu məsələ araşdırılsın. Bilinmədi ki, Tağı Əhmədovda o üç milyon hardandı. Biz “Bakı Metropoliteni” QSC-dən sorğu əsasında Tağı Əhmədovun 2006-cı ildən vəzifədən azad olunan günə qədərki aylıq əməkhaqqısı haqda çıxarış almışıq. Oradan da görünür ki, illik 20, 22, 25 minlik gəliri olub. 2006-cı ildən sonrakı rəqəmləri nəzərə alaraq, onun ümumilikdə işlədiyi dövr üçün illik orta bir rəqəm götürüb hesablayanda heç cür 3 milyon eləmir. Üstəlik, əvvəlki illərdə metropoliten işçilərinin əməkhaqqısı daha aşağı olub. Bu baxımdan, absurd fikirdir ki, Tağı Əhmədov 3 milyonu 44 illik maaşı ilə toplayıb. Hələ mən Tağı Əhmədovun gündəlik xərclərini, toylara atdığı pulu, xəstələnəndə xərclədiyi vəsaitləri və s. çıxmıram.
Biz bu məsələni araşdıranda sanki dəhşətli sual verirdik. Tağı Əhmədovdan daha çox hakimlər kollegiyası elə əsəbi reaksiya verirdi ki, elə bil, onların pulunun mübahisəsini aparırıq”.
“Tağı Əhmədov özbaşınalıq edirdi, hakimlər də göz yumurdu”
Akif Çovdarovun vəkili deyir ki, Tağı Əhmədov məhkəmədə özbaşınalıq edir, hakimlər də nədənsə, buna göz yumurdular: “Tağı Əhmədov bəzi suallara cavab vermədi. Baxmayaraq ki, oğlu da hakimdir, amma ona başa sala bilmədik ki, sən bu suallara cavab verməlisən. Hakimlər də ona suallara cavab verməyə borclu olduğunu, qanunun bu tələbini xatırlatmırdı. Tağı Əhmədov necə istəyirdi, elə də hərəkət edirdi.
Ümumiyyətlə, Tağı Əhmədov dindirilərkən məhkəmə qəsdən, açıq-aşkar prosessual pozuntuya yol verdi. Tağı Əhmədov sualları cavablandırmadan onu evinə göndərdilər”.
2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən sonra Tağı Əhmədovun yazdığı SMS-dən də danışıb. Həmin mesaj MTN əməkdaşı Rəsul Rəsulova yazılıb. Tağı Əhmədov iddia edir ki, Akif Çovdarov onun yanına Rəsulovu göndərərək pul tələb edib: “İş materiallarında Eldar Mahmudov vəzifədən azad ediləndən sonra Tağı Əhmədovun Rəsul Rəsulova yazdığı SMS var. Yazır ki, “Çovdarova de, pulu qaytarsın, bu, birincinin göstərişidir”. Biz məhkəmədə bu haqda sual verdik ki, “birinci” deyəndə kimi nəzərdə tutursuz? Dedi ki, özünü nəzərdə tutur. Belə çıxır ki, Tağı müəllim özünün özünə verdiyi göstərişi Rəsul Rəsulova çatdırırmış”.
Bu gün məhkəmədə Tağı Əhmədovun oğlu Ruslan Əhmədov da ifadə verib. O, Çovdarova aparıb pul verdiklərini təsdiqləyib.
Akif Çovdarov və işçilərinin məhkəməsi iyulun 3-də davam edəcək.