Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Faiq Əmirlinin məhkəməsində “şahid böhranı”

“Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin məhkəməsi iyunun 21-də davam etdirilib.

Səbail Rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında “Qaya” mətbuat yayımı firmasının direktoru Xanhüseyn Əliyev ifadə verib. O bildirib ki, 1994-cü ildə yayım firması yaranandan bir çox qəzetlər kimi, “Azadlıq” qəzetinin də satışı ilə məşğul olublar. Bununla əlaqədar hələ o dövrdə qəzetin baş redaktoru ilə müqavilə bağlayıblar.

Faiq Əmirlini qəzetin yayım direktoru təyin ediləndən sonra tanıdığını deyən Xanhüseyn Əliyevin sözlərinə görə, o, rəhbərliyin verdiyi etibarnamə əsasında hər ay mədaxil orderi gətirib, “Azadlıq”ın satılmış nüsxələrinin pulunu, satılmayan nüsxələrin isə özünü götürüb aparırdı. Qəzetin satışına görə əldə olunan vəsaitin 35 faizi yayım firmasına çatırdı, qalan 65 faiz “Azadlıq”a verilirdi: “Pul müqavilə əsasında, mədaxil orderi alınmaqla nəğd şəkildə ödənilirdi”.

Faiq Əmirlinin işi üzrə 20-dən artıq şahid var ki, onlar məhkəməyə çağrılsalar da, gəlmirlər. Bu səbəbdən də hakim Aytən Əliyeva məhkəməni iyunun 22-nə qədər təxirə salıb. Hakim bildirib ki, əgər sabah da şahidlər gəlməsələr, onların haqqında məcburi gətirilmə qərarı çıxarılacaq.

Faiq Əmirlinin vəkili Aqil Layıcov jurnalistlərə açıqlamasında bildirib ki, şahidlərin hamısının dindirilməsini istəyirlər. Çünki şahidlər dindirildikcə onların verdiyi ifadələr ittihamın saxtalığını ifşa edir.

Faiq Əmirli 2016-cı ilin avqustundan həbsdədir. O, Fətullah Gülənin tərəfdarı kimi qələmə verilərək, onun ideyalarını yaymaq ittihamı ilə həbs olunsa da, istintaq ilk gündən işini “Azadlıq” qəzetinin üzərində qurub. Təsadüfi deyil ki, Faiq Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin fəaliyyəti də dayandırılıb.

Faiq Əmirlinin həbsi ilə bağlı şikayət Avropa Məhkəməsində kommunikasiya mərhələsindədir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir