ABŞ prezidenti 50 ildən çox Amerika tərəfindən təcrid edilən Kuba ilə münasibətlərdən çəkilmək istəyir.
Ağ Evin yüksək səlahiyyətli rəsmisinin bildirdiyinə görə, siyasətə yeni qaydalar əlavə ediləcək. O deyib ki, qaydalar qüvvəyə mindikdə onun təsirləri bəlli olacaq.
Floridada əsasən kubalı miqrantların yaşadığı Kiçik Havanada çıxış edərkən Tramp Kuba ilə münasibətlərin normallaşmasına dair razılaşmanın birtərəfli qaydada pozulduğu deyib.
Ağ Ev rəhbəri izah edib ki, ikitərəfli münasibətlərin bərpası yalnız Raul Kastro rejiminin liberallaşması zamanı mümkün olacaq.
“Bizim yeni siyasətimiz istisnasız olaraq Amerika qanunlarına uyğun olacaq. Bütün siyasi məhbuslar azad edilməyənə, sərbəst toplaşmaq və söz azadlığı bərpa edilməyənə, bütün siyasi partiyalar leqallaşmayana, azad seçkilər keçirilməyənə qədər sanksiyalar götürülməyəcək”, – deyə Tramp qeyd edib.
Amerikalıların Kubaya səyahətlərinin məhdudlaşdırılması ilə yanaşı, Kuba iqtisadiyyatının yarısını təmin edən GAESA ilə biznes əlaqələri yasaqlanacaq.
Donald Tramp prezident seçildiyi vaxtdan bəri Barak Obamanın Kuba ilə münasibətlərin normallaşdırılmasına dair əldə etdiyi razılıqları ləğv edəcəyi ilə hədələyirdi. Bu, iki ölkə arasında münasibətlərin bərpasına dair tarixi razılığın təhlükə altına alına bilməsinə işarə idi.
“Əgər Kuba öz xalqı, Amerikada yaşayan kubalılar və ABŞ üçün daha əlverişli razılıq əldə etməyə hazır deyilsə, mən razılığı ləğv edəcəm”-deyə Tramp Tvitter səhifəsində yerləşdirdiyi mesajında bildirmişdi.
Prezident Obama Kastro administrasiyası və Kuba hökuməti arasında münasibətlərin bərpası istiqamətində iki il iş aparıb.
Bu səylərin kulminasiya nöqtəsi 50 ildən sonra ilk dəfə olaraq iki ölkə arasında birbaşa təyyarə uçuşlarının bərpası və səfirliklərin yenidən açılması olub.