Məmurlar isə mövcud qiymət siyasətini normal hesab edir
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycandakı turizm obyektlərinin qiymətlərini normal hesab edib. Nazir mövcud qiymət siyasətini kifayət qədər qəbul olunan adlandırıb. Xülasə, Ə.Qarayevin təbirincə desək, ölkədə beş-üç manata istirahət etmək istirahət sayılmır.
Ümumiyyətlə, ölkənin vəzifəli şəxslərində belə bir yanaşma var ki, sadə, sıravi insanların istirahəti yüksək xidmətlərlə müşayiət olunan dəbdəbəli istirahət məkanlarında ola bilməz. Onlara görə, il boyu ağır həyat tərzi keçirən kasıb və yoxsul əhali qrupu gərəkdir ki, yayda da istirahət haqqında düşünməsin. Bu mənada ölkədə fəaliyyət göstərən turizm obyektləri də tam şəkildə yoxsulların cibi üçün inşa edilməyib. Bu məkanlar heç orta təbəqənin də büdcəsinə uyğun deyil. Ekspertlər də hesab edir ki, Azərbaycanda düzgün qiymət siyasəti yürüdülmür. Ona görə də regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı daxilində qarşıya qoyulan məqsədlərdən biri kimi, turizmin inkişafına yaxın vaxtda nail ola bilməyəcəyik. Nabrandakı “Ober-lux” istirahət və əyləncə mərkəzi, Xızıda yerləşən Altıağac “Cənnət Bağı” istirahət mərkəzi, Xaçmazda yerləşən “Çoban bulaq” istirahət mərkəzi, Qax rayonundakı “El Resort” Hotel, Qəbələdəki “Qafqaz Resort” Hoteldəki minimaldan başlayan qiymətlər heç bir nəfərin orta aylıq əməkhaqqı və yaxud pensiyayla istirahət etməsinə imkan vermirsə, hansı inkişafdan danışmaq olar?! Axı turizm obyektləri təkcə xaricilər üçün deyil, elə xaricə istirahətə imkan tapa bilməyən öz vətəndaşlarımız üçün də vacibdir. Necə deyərlər, əvvəl evin içi, sonra çölü. Fəqət bu məqamın nədənsə evin içindən xəbəri olmayanlar üçün heç bir əhəmiyyəti yoxdur. Belə olmasaydı, bu fikir nazirlik səviyyəsində səslənməzdi: “Turizm obyektlərində qiymətlərlə bağlı sual hər mövsümdə mənə ünvanlanır. Mənim də sualım var, siz istəyirsiniz ki, tam pulsuz xidmətlər olsun? Düşünmürəm ki, bu gün kimsə beş-üç manata istirahət edə bilər. Bu, mümkün deyil”.(azadlıq.info)