DİN bu gün paytaxtın Binəqədi rayonunda supermarketə hücumla bağlı məsələyə aydınlıq gətirib.
DİN mətbuat xidmətinin məlumatına görə, Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Baş verənlərlə əlaqədar 13 nəfər saxlanılaraq istintaqa cəlb edilib.
Xatırladaq ki, “Riad” Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı ilə Binəqədi rayonundakı “Safastore” mağazasının işçiləri və mühafizə arasında dava düşüb. Nəticədə Mühafizə Xidmətinin əməkdaşları mağaza işçilərini döyüblər.
Qeyri-rəsmi məlumata görə, münaqişəyə mağazanın əvvəlki və indiki sahibləri arasında pul mübahisəsi səbəb olub. Belə ki, əvvəlki sahibkar Azadxan Xanməmmədov bir müddət öncə mağazanı 1.5 milyon manata satıb, ancaq sənədlər rəsmiləşdirməyib. Sonra fikrini dəyişib və mağazanın geri verilməsini tələb edib.