“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsait çərçivəsində “Çətin həyat şəraitində yaşayan şəxslərin (ailələrin) sosial hüquqlarının müdafiəsi sahəsində hüquqi yardım xidmətlərinin göstərilməsi” adlı layihəsini həyata keçirməyə başlayıb.
Layihənin əsas məqsədi çətin həyat şəraitində yaşayan şəxslərin (ailələrin), eləcə də işsiz gənclərin, aztəminatlı ailələrin, cəzaçəkmə yerlərindən azad olunaraq sosial adaptasiyaya ehtiyacı olan şəxslərin, təhsildən kənarda qalmış qadınların, ahıllar, iş tapmaqda çətinlik çəkən və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərin və s. sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılması, bu sahədə hüquqi biliklərin artırılması və onlara pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsi, pozulmuş hüquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsindən ibarətdir
Layihə çərcivəsində aşağıdakı işlər həyata keçiriləcək:
Sosial məsələlər üzrə hüquq klinikasının fəaliyyətinin təmin edilməsi və genişləndirilməsi, sosial qanunvericiliyin CD formatında hazırlanması və çətin həyat şəraitində yaşayan şəxslərə (ailələrə) paylanması, Bakı şəhəri və regionlarda təlimlərin və ictimai müzakirələrin təşkili, Bakıda və regionlarda pulsuz hüquqi xidmətlərin göstərilməsi, sosial qanunvericiliyin təkmilləşdirilməsinə dair tövsiyyələrin Parlamentə və sosial müdafiə orqanlarına təqdim olunması. Sosial məsələlər üzrə hüquq klinikasında çətin həyat şəraitində yaşayan şəxslərə (ailələrə) pulsuz hüquqi yardım xidməti göstəriləcək. Klinikaya iyun ayının 1-dən etibarən müraciət edilə bilər.
Çətin həyat şəraitində yaşayan şəxslərin (ailələrin) Klinikada qəbul günləri həftənin II və V günləri, saat 15-00-dan 18-00-dək həyata keçiriləcəkdir.
Klinikanın ünvanı: Bakı şəhəri, Süleyman Rüstəm küç. 33/93
Əlaqə telefonları: mob: 055 612 85 45, 012 449 96 67
E-mail: aliyev_ulvi_89@mail.ru
Əlaqələndirici şəxs: Ülvi Əliyev
Layihə 6 ay müddətində Bakı və regionlarda həyata keçiriləcəkdir