Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarına qatılacaq ölkələrin sayında dəyişiklik edilib. Bu haqda xəbəri Əməliyyat Komitəsi yayıb.
Sudan və Liviya idmançıları, həmçinin İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) bayrağı altında çıxış etməli olan küveytlilərin oyunlarda iştirakı baş tutmayacaq.
İslamiadanın Əməliyyat Komitəsi bildirib ki, İHİF və bu ölkələrin olimpiya komitələri komandaların yarışa gəlməsi üçün əllərindən gələni etsələr də bu səylər nəticəsiz qalıb.
Beləliklə, Bakıda 57 yox, 54 ölkənin iştirakı baş tutacaq.
IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi bu ölkələrin Bakıya gəlməməsinin səbəblərini açıqlamır. Amma idman mütəxəssislərinin sözlərinə görə, Sudan və Liviya maliyyə problemi səbəbindən qatıla bilmir. Küveyt isə ölkə rəhbərliyi Milli Olimpiya Komitəsinin fəaliyyətinə müdaxilə etdiyinə görə Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən cəzalandırılıdğı üçün öz bayrağı altında yarışlara qatıla bilməz.
IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də Bakıda keçiriləcək. Yarışlara qatılacaq 3 mindən çox idmançı 20 idman növü üzrə mübarizə aparacaq.(Turan)