Cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Xatırladaq ki, Elçin Qasımov 2015-ci il noyabrın 5-də inzibati qaydada 30 gün müddəyinə həbs olunub. Üç həftə sonra – ayın 26-da DİN Nardaranda xüsusi əməliyyat keçirib, “Müsəlman Birliyi” Hərəkatının 15-ə yaxın üzvünü, o cümlədən hərəkatın lideri Taleh Bağırzadəni həbs edib.
30 gün başa çatdıqda Qasımova qarşı hakimiyyəti ələ keçirməyə cəhd, terrorçuluq və s. ittihamlar irəli sürülüb. Analoji ittihamlarla daha 10 nəfəri – Ağa Yəhyayev, Mahir Qəhrəmanov, Seyfəddin Şirvanov, Ramil Əliyev, Fərhad Muradov, Elgün Axundov, Vüsal Alış, Seymur Aslanov, Əli Şahbazov, Əmirəli Əliyev və İsa İbrahimovu da həbs ediblər.
Mayıl Bayramovun sədirlik etdiyi məhkəmə prosesində aprelin 28-də zərərçəkmiş qismində 14-cü polis bölməsinin sahə inspektoru Qurbanov Yusif ifadə verib.
“Emin Babayevlə 5 noyabr 2015-ci ildə xidmətdə idim. Məscidin yaxınlığında dayanmışdıq. Elçin məsciddən çıxıb yüksək səslə bizi təhqir etdi. Biz ona yaxınlaşıb sakinləşdirmək istədik. O, polisin və hakimiyyətin ünvanına xoşagəlməz sözlər deyirdi. Daha sonra isə onu bölməyə apardıq və protakol yazıldı” deyə, b sahə inspektoru ildirib.
Y. Qurbanov ona heç bir xəsarət yetirilmədiyini və özünü zərərçəkmiş qismində görmədiyini deyib.
Daha sonra Elçin Qasımov zərərçəkmişin yalan ifadə verdiyini deyib. O, bildirib ki,həmin gün məsciddə olmayıb. Onu evin qabağından Sadiq Heyderov və 3 nəfər polis idarəsinə dəvət edib.
“Sənin içində azda olsa vicdan var deyə özünü zərərçəkmiş kimi hesab etmirsən. Utandığından gözümün içinə belə baxa bilmirsən. Bizi “bondatdel”də üzləşdirəndə demişdin ki, “əlimdə olsa səni azadlığa buraxardım”, deyə, E. Qasımov bildirib.
Növbəti məhkəmə prosesi mayın 5-nə təxirə salınıb.(Turan)