Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Nemət Pənahlı: “Əli Həsənovu tənqid etdiyimə görə həbs olunmuşam”

Bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının 30 sutka inzibati həbsindən şikayətinə baxılıb.

O, oktyabrın 12-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisə tabe olmamaq) ittihamı ilə həbs olunub. Lakin məhkəmədə ittihamları rədd edib.

N.Pənahlı bildirib ki, oktyabrın 12-də yaşadığı evin yaxınlığında saxlanılıb. O, avtomobili saxlayaraq evə tərəf gedib. Həmin vaxt mülki geyimli şəxslər onu saxlayaraq Nəsimi polisinə aparıblar.

Vəkil Zibeydə Sadıqova N.Pənahlının evinin yaxınlığındakı binanın, həmçinin məktəb və digər obyektlərin müşahidə kameralarındakı görüntülərə baxş keçirilməsi barədə vəsatət qaldırıb.

Öz növbəsində N.Pənahlı heç bir müqavimət göstərmədiyini deyib. Polisdə vəkillə təmin olunmasını və ailə üzvləri ilə əlaqə yaratmasına imkan verilməsini xahiş edib. Ancaq bundan imtina ediblər.

N.Pənahlı deyib ki, onun həbsinin əsl səbəbi oktyabrın 10-da “Obyektiv” TV İnternet televiziyasına müsahibə verməsidir.

“Bu müsahibədə şeyx Paşazadənin, Əli Həsənovun adlarını çəkmişəm”, – N.Pənahlı qeyd edib.

Təxminən ikisaatlıq müsahibə zamanı o, əhalinin yaşayış səviyyəsinin pis olmasından və korrupsiyadan danışıb. Həmçinin vaxtilə Heydər Əliyevin düşmənlərini dəstəkləyənlərin indi hakimiyyətdə olduqlarını deyib. Onların arasında prezidentin köməkçisi Əli Həsənovun adını çəkib.

O deyib ki, Ə.Həsənov MDU-nun tələbəsi olduğu vaxtlarda Əbdürrəhman Vəzirovu dəstəkləyən məktubların yazılmasına və göndərilməsinə təşəbbüs göstərib.

Həmçinin Ayaz Mütəllibovun hakimiyyəti dövründə şeyx Allahşükür Paşazadəni Heydər Əliyevin əleyhdarı adlandırıb.

Hakim Mirzəli Abbasov N.Pənahlının çıxışını dinlədikdən sonra şikayəti təmin etməyib.

*Nemət Pənahlı 1988-ci ilin noyabrında Bakıda “Azadlıq” meydanında (o zamankı Lenin meydanı) keçirilən çoxgünlük mitinqlərin aparıcısı kimi yadda qalıb.

1993-cü ildə Heydər Əliyevin komandasına daxil olub. Lakin 1995-ci ildə hakimiyyəti seçkilərin saxtalaşdırılmasına hazırlaşmaqda ittiham edrək onu tərk edib.

2011-ci ildə xuliqanlıq ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 2016-cı ilin martında əfv olunub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir