Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Ukraynadakı səfirliyimiz soydaşımızı köməksiz buraxdı

Ukraynada separatçıların nəzarətində olan Krasnıy Luç şəhərində yaşayan Azərbaycan vətəndaşı Knyaz Məmmədov övladlarını vətənə gətirə bilməsi üçün hələ də müvafiq sənədləri ala bilmir.

Bu barədə saytımıza açıqlamasında un özü məlumat verib. O, bildirib ki, üzləşdiyi problemlə bağlı Beynəlxalq İnsan Haqları Müdafiə Komitəsinin Azərbaycan üzrə nümayəndəsi Rüfət Şıxıyevə müraciət edəndən sonra aidiyyəti qurumlar məsələ ilə maraqlanmağa başlasalar da, onu hələ də Ukraynaya buraxmayıblar: “Daha öncə səfirliyə müraciət etmişdim, sənədlərimi it-bata saldılar. Məsələ mətbuatda işıqlandırılandan sonra Azərbaycan DİN-in Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayev mənimlə əlaqə saxladı və problemin qısa müddətdə həll ediləcəyini bildirdi. Mən Kiyevə gəlmək üçün tanınmayan “Luqansk Xalq Respublikası”ndan Rusiyaya, oradan isə Xarkova keçmək istəyəndə Ukrayna sərhədçiləri məni ölkəyə buraxmadılar. Sərhədçilər mənim agent olduğumu düşünürdülər və sorğu-suala tutdular. Səfirliyə təqdim etmək üçün özümlə götürdüyüm sənədləri onlara göstərsəm də, məni ölkəyə buraxmadılar.
Şahin Qocayevə zəng edib durumu anlatdım və xahiş etdim ki, müvafiq sənədləri mənə çatdırsınlar. Şahin Qocayev isə deyir ki, gəl, səfirliyə. Necə gedim? Axı məni sərhəddən buraxmırlar. Təəssüf ki, xahişim nəzərə alınmadı. İndi nə Kiyevə gələ bilirəm, nə övladlarımı Azərbaycana gətirə bilirəm. Çıxılmaz durumda qalmışam. Uşaqlarımı onsuz da anasız böyütmüşəm. Məni həbs etsələr, başıma bir iş gəlsə atasız qalacaqlar. Övladlarımın taleyindən çox narahatam”.
Qeyd edək ki, Yevlax rayonundan olan 1970-ci il təvəllüdlü Knyaz Məmmədov daha öncə bildirmişdi ki, Azərbaycanın Ukraynadakı səfirliyi ona lazımı sənədləri vermədiyi üçün övladlarını Ukrayndan çıxara bilmir.

Onun sözlərinə görə, oğlu Ceyhunu, qızları Nərmin və Ayseli anasız, tək böyüdüb: “Mən Azərbaycan vətəndaşıyam. Oğlumun Azərbaycanda hərbi xidmətə çağırış yaşı çatıb. Onu vətənə hərbi xidmətə yollamaq istəyirəm. Amma övladlarımın pasportları tanınmayan “Luqansk Xalq Respublikası”na məxsus olduğu üçün onları Azərbaycana gətirə bilmirəm. Ukrayna Luqanskın yerli hökumətinin verdiyi pasportları tanımır. Səfirlik isə uşaqlarıma Azərbaycana getmək üçün müvafiq arayışı vermir. Bununla bağlı dəfələrlə Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət etmişəm, lazımi sənədləri təqdim etsəm də nəticə yoxdur”.

K.Məmmədov onu da vurğulamışdı ki, hazırda Ukraynanın şərqində vəziyyət gərgin olduğu üçün övladlarının təhlükəsizliyi üçün narahatdır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir