“Bir çox ölkələrdə bu qanun fəaliyyət göstərir. Amma MDB məkanında eşitməmişəm. Bu qanunun müsbət tərəfləri çoxdur”, – deputat Vahid Əhmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 24-də keçirilən iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin müzakirəsi zamanı iki maddəyə etirazını bildirib.
Bundan irəli gələrək deputat vergi sistemi ilə əlaqədar layihənin 4.2.1 və 4.2.2-ci maddələrdə qeyd olunan növbəliliyin mümkün olmayacağını söyləyib.
V.Əhmədov deyib ki, gün olur vergi orqanlarına 2-3 min sənəd verilir, banklarla işləyirlər, həbs qoyurlar ki, vergini yığa bilsinlər. Onun fikrincə, növbəliliyə qoyandan sonra vergi borcları yaranacak. Bundan irəli gələrək deputat bu maddələrin layihədən çıxarılmasını təklif edib.
Deputat bu maddələr çıxarılmadığı halda dövlət büdcəsində vergi ilə əlaqədar olaraq problemlərin yaranacağı barədə xəbərdarlığı edib.
V.Əhmədov deyib ki, qanun bu iki maddə ilə qəbul olunsa dövlət büdcəsində çox böyük bir problem yaranacaq, bu isə milyonlarla yox, milyardlarla problem yaradacaq”.