Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Siyasi məhbus siyahısı yeniləndi

SMMM “Avropa işi” ilə bağlı hesabat hazırlayacaq

Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) növbəti toplantısı keçirilib. Toplantıda insan haqlarının vəziyyəti, siyasi məhbuslarla bağlı durum, məhkəmə prosesləri, saxlanma yerlərində işgəncə halları və s. müzakirə olunub.

Toplantının əsas müzakirə mövzusu ölkədə siyasi motivli həbslərin davam etməsi və siyasi məhbus siyahısının yenilənməsi olub. Müzakirələrin yekununda qərar alınıb ki, 2012- ci ildə Masallıda həbs olunan Ağayev Surac Valeh oğlu azadlığa çıxdığı üçün onun adı siyasi məhbus siyahısından çıxarılsın. Həbsində siyasi motivlər olduğuna görə Müsəlman Birliyi Hərəkatının fəalı Əhsən Nuruzadə, “Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədli, jurnalist Məhbub Zülfuqarlı, eləcə də 12- 13 yanvar 2016- cı ildə Siyəzən rayonunda un və digər ərzaq məhsullarının bahalaşması ilə bağlı keçirilən etiraz aksiyasının təşkilinə və həmin aksiyada iştirak etdiklərinə görə həbs olunan Əzimov Müslüm Ağalı oğlu, Əliyev Elçin Sadıq oğlu və digərlərinin (cəmi 11 nəfər) adları siyasi məhbus siyahısına daxil edilib. Qərara alınıb ki, adları hələ ki siyasi məhbus siyahısına daxil edilməyən, həbsində siyasi motivlər olduğu ehtimal edilən məhbuslarla bağlı araşdırmalar davam etdirilsin.

Toplantıda son zamanlar ölkədə ifadə azadlığının (xüsusən 10- a yaxın sayta girişin məhkəmə qərarı olmadan bloklanması), sərbəst toplaşmaq azadlığının (aksiyaların və toplantıların keçirilməsinə hakimiyyət tərəfindən müxtəlif bəhanələrlə rədd cavablarının verilməsi) məhdudlaşdırılması, nümayəndəlik institutunun ləğv edilməsi, siyasi məhbusları müdafiə edən vəkillərin Vəkillər Kollegiyasından uzaqlaşdırmaq cəhdləri və s. pislənilib.

Eyni zamanda son zamanlar Avropa ölkələrində siyasi məhbuslarla bağlı keçirilən aksiyalarda iştirak edən mühacirlərin Azərbaycanda yaşayan ailə üzvlərinin təzyiqlərə məruz qalması, işdən çıxarılması, həbs edilməsi, qohumluqdan imtinaya məcbur edilməsi pislənilib. Qərar alınıb ki, bu istiqamətdə SMMM- in araşdırmaları davam etdirilsin. Məlumatlar toplanılsın, təhlilllər aparılsın və faktlar araşdırılıb yekun Hesabat hazırlansın. Hesabat yerli və beynəlxalq ictimaiyyətə, aidiyyatı qurumlara, maraqlı tərəflərə təqdim edilsin.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir