Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

Aprel döyüşlərinə həsr edilmiş cüdo üzrə beynəlxalq yarış keçirildi – FOTOLAR

Bakı Əl Oyunları İdman Sarayında aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin xatirəsinə həsr edilmiş beynəlxalq cüdo turnirinin açılış mərasimi keçirilib.

Musavat.com-un məlumatına görə, “Raquf Orucov Kuboku” adlandırılan turnir Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi və “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012”nin təşkilatçılığı ilə keçirilib.

101 idmançının (82 oğlan, 19 qız) iştirak etdiyi beynəlxalq turnirdə 12 komanda qalib adı uğrunda mübarizə aparıb.
“Aran-Qarabağ”, “Gəncə”, “Judo 2012”, “Masallı”, “Neftçi İdman Klubu” İB, “Qəbələ”, “Sumqayıt”, “Şimal Qərb” zonası, Bakı UGİM-11, İOEUGİM-13 klubları ilə yanaşı Rusiya və Gürcüstan millisi də mötəbər turnirin iştirakçısı olub.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda “Neftçi İdman Klubu” və Rusiya yığması 3-cü olub. Həlledici görüşündə isə Gürcüstan millisi ilə “Judo 2012” komandası qarşılaşıb. Gürcüstan millisi rəqibinə qalib gələrək aprel döyüşlərinə həsr edilmiş cüdo üzrə beynəlxalq komanda yarışının qalibi olub.

Xatırladaq ki, şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən turnirin məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini inkişaf etdirmək, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdir.

Musavat.com

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir