Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Separatçıların nəzarətindəki bölgədə yaşayan soydaşlarımızın problemi nəzarətə götürüldü

Ukraynada separatçıların nəzarətində olan Krasnıy Luç şəhərində yaşayan Azərbaycan vətəndaşı Knyaz Məmmədovun övladlarını vətənə gətirə bilməsi üçün Azərbaycanın bu ölkədəki səfirliyi hərəkətə keçib. 

 

Bu barədə saytımıza açıqlamasında Knyaz Məmmədovun özü məlumat verib. O, bildirib ki, üzləşdiyi problemlə bağlı Beynəlxalq İnsan Haqları Müdafiə Komitəsinin Azərbaycan üzrə nümayəndəsi Rüfət Şıxıyevə müraciət edəndən sonra aidiyyəti qurumlar məsələ ilə maraqlanmağa başlayıblar: “Daha öncə səfirliyə müraciət etmişdim, sənədlərimi it-bata saldılar. Məsələ mətbuatda işıqlandırılandan sonra Azərbaycan DİN-in Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayev mənimlə əlaqə saxladı və problemin qısa müddətdə həll ediləcəyini bildirdi.  Göstərdikləri kömək və diqqətə görə həm səfirliyimizin əməkdaşlarına, digər dövlət qurumlarına və hüquq müdafiəçisi Rüfət Şıxıyevə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Yevlax rayonundan olan 1970-ci il təvəllüdlü Knyaz Məmmədov daha öncə bildirmişdi ki, Azərbaycanın Ukraynadakı səfirliyi ona lazımı sənədləri vermədiyi üçün övladlarını Ukrayndan çıxara bilmir.

 

Onun sözlərinə görə, oğlu Ceyhunu, qızları Nərmin və Ayseli anasız, tək böyüdüb: “Mən Azərbaycan vətəndaşıyam. Oğlumun Azərbaycanda hərbi xidmətə çağırış yaşı çatıb. Onu vətənə hərbi xidmətə yollamaq istəyirəm. Amma övladlarımın pasportları tanınmayan “Luqansk Xalq Respublikası”na məxsus olduğu üçün onları Azərbaycana gətirə bilmirəm. Ukrayna Luqanskın yerli hökumətinin verdiyi pasportları tanımır. Səfirlik isə uşaqlarıma Azərbaycana getmək üçün müvafiq arayışı vermir. Bununla bağlı dəfələrlə Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət etmişəm, lazımi sənədləri təqdim etsəm də nəticə yoxdur”.

 

K.Məmmədov onu da vurğulamışdı ki, hazırda Ukraynanın şərqində vəziyyət gərgin olduğu üçün övladlarının təhlükəsizliyi üçün narahatdır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir