Son məlumata görə, yaralılardan 4-ü ölüb.
***
Londonda Böyük Britaniya parlamentinin binası yaxınlığında silahlı insident baş verib. İlkin məlumata görə, ərazidə naməlum bir şəxs ətrafa atəş açıb. Xarici KİV şahidlərə isitnadla bildirib ki, parlament binası yaxınlığında atəş səsləri eşidilib. Ərazi polis qüvvələri ilə əhatəyə alınıb, vertolyotla ərazi nəzarətə götürülüb.
İnsident zamanı 20-yə yaxın insanın yaralandığı, 4 nəfərin öldüyü deyilir.
Nisbətən dəqiqləşmiş məlumata görə, naməlum hücumçu bıçaqla silahlanıbmış və qarşısına keçəni yaralayaraq parlament binasına doğru irəliləyirmiş. Polis atəş açaraq onu zərərsizləşdirib, yəni öldürüb. Bir nəfər polis əməkdaşının da bıçaqlandığı bildirilir.
Eyni zamanda parlamentin yanında yerləşən Westminster körpüsündə bir maşının onlarla insanı vurduğu deyilir. Maşın daha sonra parlament binasını əhatə edən barmaqlıqlara çarpılıb.
Hadisə ilə əlaqədar parlamentin iclası dayandırılıb və binadakılara çölə çıxmaq qadağan edilib.
Hadisə yerinə yaxın olan Vestministr metrostansiyası da bağlanıb.
Britaniya polisi körpünün üzərində avtomobillə törədilən qəsdin və bıçaqlı hücumun bir-birinə bağlı olduğunu bildirib və hadisəni terror aktı adlandırıb.