Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Mövsüm Səmədov yenə “kars”a salınıb

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində yenə cərimə kamerasına (kars) salınıb.

Bu haqda AzadlıqRadiosuna ilahiyyatçının vəkili Yalçın İmanov məlumat verib.

Vəkilin sözlərinə görə, martın 6-da aldığı beşgünlük «kars» cəzası başa çatandan sonra ona yenə üçgünlük cəza verilib. Bayramda ailə üzvləri onunla görüşmək istəsələr də, onlara bildirilib ki, M.Səmədov yenə cərimə kamerasındadır, bu dəfə iki aylıq.

BU CƏZA MAKSİMUM 15 GÜN OLA BİLƏR

Amma vəkil deyir ki, qanunda iki aylıq «kars» müddəti yoxdur. Cəzaların İcrası Məcəlləsinə görə, bu cəza maksimum 15 gün ola bilər.

«Məsələnin qəlizliyi ondadır ki, bayramla əlaqədar iş günləri olmadığına görə Mövsüm Səmədovla görüşüb, baş verənləri öyrənmək də mümkün deyil. Onunla ən tez martın 27-də görüşə bilərəm», – Y.İmanov bildirib.

Müdafiəçi hesab edir ki, bütün bu baş verənlər M.Səmədovu yenidən Qobustandakı qapalı həbsxanaya qaytarmaq planının tərkib hissəsidir: «Əgər yaxın vaxtlarda Mövsüm Səmədovun saxlanma rejiminin dəyişdirilməsi üçün cəzaçəkmə müəssisəsinin rəhbərliyi məhkəməyə müraciət eləsə, bizim üçün gözlənilməz xəbər olmayacaq. Çünki adamın «barakda namaz qılırsan», «antisanitariya şəraiti yaradırsan» kimi bəhanələrlə ardıcıl cəzalandırılması, fikrimizcə, məhz buna hesablanıb».

Novruz bayramı ilə əlaqədar ölkədə iş günü olmadığından Penitensiar Xidmətdən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir