Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Beyləqanda azyaşlının təcavüz edilməsi araşdırılır

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi Beyləqan rayonunda azyaşlı qıza təcavüz edilməsi ilə bağlı xəbərlərdən sonra icra hakimiyyətindən məlumat gözləyir.

Hazırda araşdırma aparılır, rayonda gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu yaradılıb, qurumun hüquqşünası Taliyə İbrahimova BBC Azərbaycancaya bildirib.

“İş polisdədir, biz bunu bilirik, hüquq-mühafizə orqanları istintaq gedincə bu barədə hələ məlumat vermirlər”, o deyib.

Nə baş verib?

Mediada yayılan xəbərlərdə Beyləqanda orta məktəb şagirdi 17 yaşlı qızın oğlan dostu tərəfindən təcavüzə uğradığı bildirilir.

Məlumata görə, oğlan qızı bir müddət öncə çəkdirdikləri səmimi fotolarla hədələyib və qızı əvvəlcə özü, sonra da istəmədiyi digər insanlarla münasibətə girməyə məcbur edib, Meydan TV yazır. Sayt yazır ki, qızın təhdid edildiyi deyilən videogörüntülərdə “qız 20-dək şəxsin cinsi təcavüzünə məruz qoyulub.”

“Görüntüdə qız istəmədiyi cinsi münasibətə məcbur edilir. Hadisə sinif otağında baş verir. Otaqda partalar, divarda lövhələr var. Hətta bəzi adlar da səslənir. Qız “xahiş edirəm silin, nə olar, silin”, – deyə yalvarır: “Başınıza dönüm, silin, etməyin”, – deyir”.

Bu hadisədən sonra oğlan və qızın məktəbdən qovulduğunu deyən rayonun Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova sonradan “aznews.az” saytına məlumatı inkar edərək zorlanma olmadığını bildirib.

Deputat: 4 nəfər məsuliyyətə cəlb olunub

Rayonu təmsil edən deputat Şahin İsmayılov isə modern.az-a müsahibəsində hadisəni təsdiqləyib.

“Bakıda, Şəkidə yaxud Beyləqanda baş verməsindən asılı olmayaraq, bu, yaxşı hal deyil. Əfsuslar olsun ki, bu hadisə yaşanıb. Fakta görə cinayət işi açılıb, istintaq gedir”.

Millət vəkili hadisə ilə bağlı 4 nəfərin saxlanıldığını deyib.

“Onlardan 2 nəfər qızın sinif yoldaşları, digər 2 nəfər isə məktəblə əlaqəsi olmayan şəxslərdir. Həmin 2 nəfər (20-21 yaşlı oğlanlar) həbs edilib, digər 2 nəfər (qızın sinif yoldaşları) isə azyaşlı olduğundan sərbəst buraxılıb. Amma sərbəst buraxılan 2 nəfər polis nəzarət altındadır”, o əıavə edib.

Ailə nə deyir?

Qızın qohumları ilə danışmış və yardım təklif etmiş Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova BBC Azərbaycancaya bildirib ki, qohumları hadisəni “özləri tənzimlədiklərini” söyləyib.

Qızın anası Meydan TV-ə istintaqın getdiyini deyib: “Bizə görə narahat olmayın. Məsələ hökumətimizin nəzarəti altındadır. Bizim üçün hər şey edirlər”.

Zorlanma və təcavüz hallarında nə etməli?

Xanım Zeynalova qeyd edir ki, zorlanma hallarında ilk növbədə zərərçəkmişi olduğu mühitdən çıxarmaq, zərərçəkmişi şikayət etməsi üçün inandırmaq lazımdır.

Sonra isə 3 gün -1 həftə ərzində hüquq-mühafizə orqanlarına məlumat vermək lazımdır:

“Həmin vaxt şikayət edilməsə, kimin etdiyi bəlli olmur. Sübutlar – sperm, xəsarət izlərini tez götürmək lazımdır”.

Ekspertin sözlərinə görə, Azərbaycanda bu cür hallarda adətən sonradan, bəzən hadisənin üstündən 1 il keçəndən sonra məlumat verilir.

Dövlət Komitəsinin nümayəndəsi deyir ki, indi ən riskli bir andır, çünki insan özünə qəsd edə bilər:

“Olduqca həssas məsələdir, xüsusən də nəzərə alsaq ki, bölgədir.”

Əvvəlki təcrübələrdən danışan Taliyə İbrahimovanın sözlərinə görə, valideynlər bəzən zərərçəkmişi ifadəsini dəyişməyə məcbur edirlər.

“İlk növbədə reabilitasiya istiqamətində işlər aparılmalı və hüquqi tədbirlər – araşdırılma, məsuliyyətə cəlb etmə görülməlidir.”

“Bizi daha çox maraqlandıran azyaşlının reabilitasiyası məsələləridir”, rəsmi əlavə edir.

“Özümüz narahatıq və cavab gözləyirik”, o bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir