Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm İctimai İnsan haqları Siyasət Sosial-iqtisadi Xəbərlər

Nazirlər Kabineti bu məsələdə 16 ildir susur

Məmurların gəlir və xərclərini öyrənmək üçün əksər ölkələrdə vəzifəli şəxslərin təqdim etdiyi gəlir bəyannaməsindən istifadə olunur. Azərbaycanda da “Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında” Qanun qəbul olunub. Lakin qanunun 2005-ci ildən qüvvəyə minməsinə baxmayaraq, o, hələ də icra edilmir.

2005-ci ilin avqustunda prezidentin xüsusi fərmanı ilə 3 ay müddətində gəlir bəyannamələrinin formasının hazırlanması barədə Nazirlər Kabinetinə göstəriş verilib. Lakin forma hələ də təsdiq edilməyib. Bəs aradan keçən bu 16 ildə həmin forma nədən hazırlanmır?

Artur Rasizadədən Əli Əsədova qədər keçilən yol…

Bunun səbəbinə aydınlıq gətirmək üçün dəfələrlə Nazirlər Kabinetinə zəng vursaq da, sualımıza cavab ala bilmədik. Aradan keçən bu 16 ildə Azərbaycanın düz üç baş naziri deyişib. 2005-ci ildə bu vəzifədə Artur Rasizadə çalışırdı. Sonra onu Novruz Məmmədov əvəz etdi. 2019-cu ilin oktyabrından isə bu postda Əli Əsədov oturur.

F.Ağamalı
F.Ağamalı

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı “Turan”a bildirib ki, qanun qəbul edilibsə, onun icrası da vacibdir: “Lakin təəssüf ki, indiyə qədər məmurlar gəlirləri haqqında cəmiyyətə açıqlama vermirlər. Yaxşı olardı ki, hər bir məmur nə qədər gəlir götürməsi haqqında müvafiq qurumlara bəyannaməni təqdim etsin. Bu, cəmiyyətə də açıqlansın”.

“Bununla bağlı ciddi addımların atılmasını müşahidə edəcəyik”

Deputatın fikrincə, məmurların gəlirləri haqqında bəyannamələrin verilməsi zamanı yetişib: “Yaxın zamanlarda bununla bağlı ciddi addımların atılmasını müşahidə edəcəyik”.

O qeyd edib ki, deputatlar və deputatlığa namizəd olan şəxslər digər sənədlərlə bərabər dairə seçki komissiyasına gəlir bəyannaməsini təqdim edirlər: “Həm özünün, həm də həyat yoldaşının gəlirləri haqqında bəyannamə təqdim olunur. Orada gəlirlərdən başqa həm daşınan, həm də daşınmaz əmlak da qeyd olunur”.

Ə.Məmmədli
Ə.Məmmədli

Hüquqşünas Ələsgər Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, 2005-ci ildə sözügedən qanun qəbul olunan zaman bu, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun çərçivəsində nəzərdə tutulmuşdu: “Ona görə ki, dövlət səlahiyyətlərini həyata keçirən şəxslərə nəzarət güclü olsun və onların gəlirləri açıq olsun. Bunun üçün Nazirlər Kabinetinə üç ay vaxt verilmişdi. Amma aradan 16 il keçdi və bununla bağlı heç bir addım atılmadı”.

“Siyasi iradə yoxdur”

Ekspertin sözlərinə görə, bunun səbəbi odur ki, bununla bağlı siyasi iradə yoxdur: “Çünki istənilən bir qərarı icra etmək üçün ilk növbədə siyasi iradə vacibdir”.

Onun fikrincə, qanunvericiliyə nəzarətdə də böyük problem var: “Bəli, parlament bu qanunu qəbul etdi, amma onun icrasına cavabdeh olan qurumlar nəzarət etmir. İctimai nəzarət də nəzərə alınmır. Nəticədə isə qanunlar kağız üzərində qalır”.

H.Babalı
H.Babalı

İqtisadçı Hafiz Babalı isə vurğulayır ki, bəyannamənin forması müxtəlif ölkələrdə müxtəlif cürdür: “Azərbaycanda bunun bir sadə düsturunu tapmaq lazım idi. Yəni, il ərzində məmurun gəlir və xərcini göstərən formasını”.

“Baxmayaraq ki, digər ölkələrdə bu, açıqdır”

Ekspert qeyd edib ki, qanunda bunun mexanizmi əksini tapıb: “Yəni, hansı vəzifəli şəxs öz məlumatlarını kimə təqdim edir. Bu, ictimaiyyətə açıqlanmayan məlumatlardır. Baxmayaraq ki, digər ölkələrdə bu, açıqdır, xüsusi reyestr var və istənilən şəxs ora girib məmurun gəlir və xərcləri ilə tanış ola bilir. Çünki bu, dövlət qulluqçusudursa, onun gəlirlərini vətəndaş təmin edir”.

“Əslində qanunda dəyişiklik edilməlidir”

H.Babalının sözlərinə görə, bəyannamənin forması yoxdursa, onun təqdim edilməsi mənasız xarakter alır: “Yəni, məndən bunu istəmirlərsə, mən bunu kimə təqdim edim? Əslində qanunda dəyişikliklər edilməlidir və bütün məmurlar təsnifatından asılı olmayaraq məlumatları bir mərkəzə təqdim etməlidir və bu məlumatları təhlil edən qurum olmalıdır”.

İqtisadçı hesab edir ki, əgər qanun işləmirsə, deməli, bunun işləməməsində maraqlı şəxslər var: “O müddətdən sonra Azərbaycanda artıq üçüncü baş nazir gəlib. Prezidentə üç ay ərzində məlumat təqdim olunmalı idi. Azərbaycanda ildırım sürəti ilə qəbul olunan və iki gün sonra prezident tərəfindən imzalanan qanunlar var. Amma məhz korrupsiyaya qarşı mübarizə fonunda problemin dalana dirənməsi onu göstərir ki, burada maraqlar çox yüksək səviyyədədir”.

Məsələyə Prezident Administrasiyasından da münasibət almaq mümkün olmayıb.

Azadlıq Radiosu

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir