Amerikalı ekspert: Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və yeddi ətraf rayonundan işğalçı ordusunu çıxarmalıdır
Ermənistan Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağ bölgəsindən və yeddi ətraf rayonundan işğalçı ordusunu çıxarmalı və beynəlxalq hüququn prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir. Yerevan mövcud status-kvonu saxlamaqdan əl çəkməli və Bakı ilə danışıqlara başlamalıdır.
Bu sözləri beynəlxalq münasibətlər üzrə tanınmış amerikalı ekspert Peter Tase “Eurasia Diary”yə məxsusi müsahibəsində deyib. P.Tase Dağlıq Qarabağ münaqişəsi, ABŞ-ın yeni Prezidenti Donald Trampın Cənubi Qafqaz siyasəti və digər maraqlı məsələlər barədə sualları cavablandırıb. AZƏRTAC müsahibəni təqdim edir.
-Tramp administrasiyasının Cənubi Qafqaz və Şərqi Avropa üzrə xarici siyasətini necə görürsünüz?
-Ağ Evin NATO, Avropa İttifaqı, Çin və Cənubi Şərqi Asiya regionuna qarşı sərt siyasət aparacağı gözlənilir. Azərbaycan və Xəzər dənizi ətrafında yerləşən ölkələrə gəlincə isə, bu regionlarla bağlı ABŞ Dövlət Departamentindən son iki həftə ərzində heç bir bəyanat verilməyib. Azərbaycan və ABŞ arasında tarixi əməkdaşlıq gücləndirilməli və iqtisadi, ticarət, mədəniyyət sahələrində əlaqələr inkişaf etməlidir.
-Sizin fikrinizcə, Cənubi Qafqaz və Şərqi Avropa ilə bağlı olan məsələlərdə Respublikaçılar və Demokratlar hansı fərqli siyasi mövqeyi sərgiləyirlər?
-Respublikaçı Prezidentin hakimiyyəti dövründə Ağ Evdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün geniş imkanlar olacaq. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyünə, Cənubi Qafqazda sabitliyin və sülhün təmin edilməsinə uyğun həll olunmalıdır. Donald Trampın prezidentliyi dövründə Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin səmərəli həllinə diqqət ayıracaq. Ümid edirəm ki, Prezident Tramp Dövlət Departamentində uzunmüddətli münaqişənin ədalətli həll olunması üçün Azərbaycan xalqının maraqlarına, Qafqaz regionunda sülhün və sabitliyin gücləndirilməsinə xidmət edən ekspertlər qrupu yaradacaq.
Donald Trampın prezidentliyi dövründə erməni lobbisinin və ermənipərəst şirkətlərin ABŞ-ın xarici siyasətində təsirinin azalmasının şahidi olacağıq.
-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə nə deyə bilərsiniz?
-Bu barədə üç önəmli məsələyə diqqət ayırmaq lazımdır. Birincisi, Ermənistan Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağ bölgəsindən və yeddi ətraf rayonundan işğalçı ordusunu geri çəkməli və beynəlxalq hüququn prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir. İkincisi, Yerevan mövcud status-kvonu saxlamaqdan əl çəkməli və Bakı ilə danışıqlara başlamalıdır. Sarkisyan hökuməti ölkəsindəki korrupsiyaya və bir sıra cinayətlərə qarşı mübarizəyə diqqət ayırmalı və ən əsası, erməni xalqının uzun müddət üzləşdiyi daxili problemlərə kölgə salan Dağlıq Qarabağ münaqişəsindən vasitə kimi istifadə etməməlidir. Üçüncüsü, ATƏT, Avropa İttifaqı və digər müxtəlif beynəlxalq təşkilatlar Qafqaz regionunda sülhün və sabitliyin təmin edilməsi üçün fəal rol oynamalı və beynəlxalq hüququn prinsiplərini müdafiə etməlidir.
-Gürcüstan Cənubi Qafqazda ABŞ-ın əsas müttəfiqidir. Tramp administrasiyasının Gürcüstanla bağlı xarici siyasəti necə olacaq?
-Vaşinqton ilə Tbilisi arasında iqtisadi əməkdaşlıq və siyasi dialoq inkişaf edir. Yaxın gələcəkdə Prezident Donald Trampın və ya ABŞ-ın vitse-prezidentinin Gürcüstana səfəri gözlənilir. Gürcüstan ABŞ-ın və terrorizmə qarşı mübarizə aparan Beynəlxalq Koalisiyanın əsas müttəfiqlərindən biridir. Azərbaycan kimi, Gürcüstan da ABŞ-ın etibarlı tərəfdaşıdır. ABŞ-ın bir sıra institutları həm Azərbaycana, həm də Gürcüstana xeyir verən layihələr hazırlayıblar.
– Prezident Petro Poroşenko ABŞ və NATO-ya üzv olan digər ölkələrin qoşunlarının Ukraynada təlim keçməsi haqqında Sərəncam imzalayıb. Siz hesab edirsinizmi ki, Prezident Poroşenkonun bu hərəkəti Rusiyanı Şərqi Ukraynaya daha çox müdaxilə etməyə sövq edəcək?
-ABŞ və NATO qoşunlarının Ukraynada olması Rusiyanı sərt siyasət yeritməyə və Baltikyanı ölkələrlə, Ukrayna ilə sərhəd ərazilərdə hərbi təlimlər həyata keçirməyə sövq edəcək. NATO və ABŞ qoşunlarının Ukraynada yerləşdirilməsi doğru hərəkət deyil, çünki Ukrayna Rusiya ilə sərhəd ölkədir və ən əsası ABŞ hərbi qüvvələri dünyanın digər münaqişələrində iştirak edir. Rusiyanın Ukraynaya mümkün olan müdaxiləsinə Qərb tərəfindən ciddi cavab verilməyəcək.