Avropa İttifaqı Azərbaycanın vətəndaş cəmiyyətinə siyasi və maliyyə dəstəyini davam etdirəcək
(Qonşuluq Siyasəti və Genişlənmə üzrə Avropa Komissiyasının baş direktoru Kristian Danielsenin Turan agentliyinə eksklüziv müsahibəsi)
Sual: Aİ Azərbaycanın ən böyük donorudur. Ölkəyə verilən maliyyə yardımından nə dərəcədə səmərəli istifadə olunub?
Cavab: 2007-2016-cı illər ərzində Aİ fondlarından ölkəyə 200 mln. avroya yaxın vəsait ayrılıb və Aİ Azərbaycanın ən böyük xarici donorudur. Bu, hökumətə və vətəndaş cəmiyyətinə qrant şəklində verilən dəstəkdir, bizim dialoqun və əməkdaşlığın əsas elementidir.
Aİ-nin dəstəyi ölkə iqtisadiyyatının inkişafına, habelə institusional və digər islahatlara yönəlib. Biz həmçinin institusional quruculuğun əsas aspektlərində əməkdaşlıq etmişik. İcazə verin regionların və kəndlərin inkişafına dəstəyimizi qeyd edim; biz regionlarda kənd təsərrüfatının məhsuldarlığını artırmağa, iqtisadi və gender inkişafına kömək etmişik.
Biz həmçinin hökumətin iqtisadiyyatın şaxələndirilməsi, sabit və hərtərəfli inkişafa yardım, beynəlxalq təcrübəyə və Aİ standartlarına uyğunlaşma üzrə səylərini dəstəkləmişik.
Biz həmçinin biznes mühitində, investisiyalarda və məşğulluqda hüququn aliliyinin möhkəmləndirilməsi üçün mühüm olan ədalətli mühakimə sektorunda işləmişik.
Eyni zamanda, təlim sisteminin keyfiyyətinin və bacarıqların artırılması üçün təhsil sahəsində də işləyirik. Bu əməkdaşlıq ölkənin tələbatlarına cavab olub və konkret nəticələr əldə olunub.
Sual: Əməkdaşlığın hansı istiqamətləri daha uğurludur və hansı ümidlər özünü doğrultmayıb?
Cavab: Biz bir çox sahələrdə yaxşı nəticələr əldə etmişik. Xatırladım ki, əməkdaşlığımızın ilk dövründə Avropa İttifaqı Azərbaycana ərzaq təhlükəsizliyini təmin etməyə və əhali üçün qida məhsullarının təhlükəsizliyini artırmağa kömək edib.
Azərbaycanın tərəfdaşları ilə birlikdə biz bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi üzrə layihələr üzərində işləmişik.
Biz həmçinin ədalətli mühakimə akademiyasının inkişafını və regional məhkəmələrdə idarəetmənin təkmilləşdirilməsini dəstəkləyirik.
Bizim hökumətin iqtisadiyyatın şaxələndirilməsi üzrə gündəliyi ilə üst-üstə düşən təhsil və iqtisadi inkişafa, məsələn, peşə təhsili sahəsində daimi dəstəyimiz artıq konkret nəticələr verir.
Belə ki, ötən il biz 20 yerli icmanın 30-dan çox kiçik müəssisə yaratmasına kömək etdik, 2000-dən çox fermer iqtisadi və biznes bacarıqları üzrə təlim keçdi, 150-dən çox əmək müfəttişinin sağlamlığın mühafizəsi və təhlükəsizlik məsələləri üzrə təlim almasına kömək etdik.
Biz ikitərəfli münasibətlərimizdə yeni mərhələyə qədəm qoyduğumuza görə əminəm ki, birlikdə daha çox şey əldə edə bilərik. Məsələn, Azərbaycandakı tərəfdaşlarımızla Aİ ölkələrində, xüsusən Mərkəzi Avropanın yeni üzv dövlətlərində iqtisadiyyatın transformasiyası təcrübəsini bölüşə bilərik.
Həmçinin təhlükəsizlik, miqrasiya və iqtisadi inkişaf sahəsində qlobal problemlərin həllində əməkdaşlıq edə bilərik. Ümid edirəm ki, investisiyalar, xüsusən nəqliyyat sahəsində daha çox əməkdaşlıq edə bilərik.
Sual: Aİ iqtisadi və siyasi islahatlar həyata keçirilməsində Azərbaycana texniki yardım göstərə bilərmi?
Cavab: Aİ eyni zamanda Azərbaycanın böyük ticarət tərəfdaşıdır (ümumi ticarət həcminin yarıdan çoxunu təşkil edir), həmçinin ölkədə böyük investordur. Avropa İttifaqının 300-ə yaxın şirkəti Azərbaycanda təmsil olunub, onlar birbaşa xarici invstisiyaların mühüm mənbəyidir. Buna görə bizim əməkdaşlığa birgə marağımız var.
Biz Azərbaycan və Aİ-yə üzv ölkələrdən tərəfdaş müəssisələr arasında iqtisadi və hüquqi islahatlar həyata keçirilməsinə yönəlmiş səyləri birləşdirmək üçün ən az 45 mexanizm yaratmışıq.
İqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş fəaliyyətimiz kiçik və orta biznesin rəqabətədavamlılığının artırılmasına, biznes mühitinin yaxşılaşdırılmasına yönəlib. Bu, həmçinin ölkənin ixrac potensialının, o cümlədən kənd təsərrüfatı və qida sənayesi sahəsində ixracatın artırılması üçün böyük əhəmiyyət kəsb edəcək.
Aİ həmçinin energetika və nəqliyyat sahəsində strategiyanın inkişafına bundan sonra da kömək etməyi planlaşdırır.
Biz digər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası ilə iqtisadi və siyasi islahatlar, dövlət idarəetməsində islahatlar məsələlərində sıx əməkdaşlıq edirik.
Bundan sonrakı tərəfdaşlığımıza gəlincə, əminəm ki, Aİ-nin dəstəyi və siyasi məsələlərdə dialoqlarımız Azərbaycanda islahatları həyata keçirilməsində mühüm rol oynaya bilər.
Sual: Aİ müstəqil QHT-ləri, daha dəqiq isə hazırda Azərbaycan hakimiyyətinin əməlləri nəticəsində fəaliyyəti iflic olmuş QHT-ləri dəstəkləyəcəkmi?
Cavab: İlk növbədə qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyəti iqtisadi, sosial və mədəni inkişaf üçün mühüm amildir. Bu, təkcə Azərbaycana deyil, Aİ-yə də aiddir.
Buna görə Aİ ölkədə vətəndaş cəmiyyəti və hüquq müdafiəçilərinin geniş spektrini dəstəkləmək üçün onda olan bütün maliyyə alətlərindən və ya siyasi alətlərdən istifadəni davam etdirəcək.
Eyni zamanda, biz QHT-lərin fəaliyyəti üçün normativ-hüquqi bazanın, habelə onun tətbiqinin mümkün qədər dolğun olması üçün Azərbaycan hakimiyyəti ilə işimizi və dialoqu davam etdiririk