Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Eldar Sabiroğlu Kürdəxanı təcridxanasında oğluna qarşı təhlükə olduğunu bildirir

Keçmiş deputat Eldar Sabiroğlu Kürdəxanı təcridxanasında saxlanılan oğlu, prokurorluğun keçmiş müstəntiqi Rüfət Səfərova qarşı təhlükənin olduğunu bildirib.

O, Turan-ın müxbirilə söhbətində deyib ki, R.Səfərovun barəsində hökmün qüvvəyə minməsilə bağlı Apellyasiya Məhkəməsinin qərarına baxmayaraq, indiyədək onu koloniyaya köçürməyiblər və təcridxanada saxlayırlar.

Bundan əlavə, R.Səfərovla yanaşı kamerada 25 il həbs cəzası alan residivist də saxlanılır və o, Rüfəti münaqişəyə cəlb etməyə çalışır.

E.Sabiroğlu Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət edib. Ancaq ona bildiriblər ki, narahatlığa əsas yoxdur.

“Ya Rüfətə qarşı təxribat hazırlanır, ya da  yeni cinayət işi açmaq üçün insident yaratmaq  istəyirlər. Mən oğlumun taleyindən çox narahatam və Ədliyyə Nazirliyi rəhbərliyindən təcili tədbirlər görməyi xahiş edirəm”, – E.Sabiroğlu vurğulayıb.

Vəkil Bəhruz Bayramov R.Səfərovun residivistlə eyni kamerada saxlanmasını qanunsuz hesab edir. “İlk dəfə mühakimə olunan şəxslə residivistin bir kamerada saxlanması düzgün deyil. İkincisi, keçmiş prokurorluq işçisinin dəfələrlə mühakimə edilən və hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı aqressiv olan məhkumla bir yerdə saxlanması qəbuledilməzdir”,  – B.Bayramov bildirib.

O qeyd edib ki, Apellyasiya Məhkəməsinin qərarından sonra 21 gün ərzində məhkum koloniyaya köçürülməlidir.

Öz növbəsində Penitensar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Turan-a bildirib ki, E.Sabiroğlu həqiqətən onlara müraciət edib və ona müvafiq açıqlama verilib.

M.Sadıqovun sözlərinə görə, E.Sabiroğlunun söylədikləri reallığı əks etdirmir və yalnışdır. R.Səfərovla eyni kamerada hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları saxlanılır.

* Keçmiş müstəntiq Rüfət Səfərov 2016-cı ilin sentyabrında rüşvət almaq ittihamı ilə 9 il azadlıqdan məhrum olunub. Bundan öncə “davranış normalarını pozduğuna görə” prokurorluq orqanlarından xaric edilib. Dekabrın 22-də Apellyasiya Məhkəməsi onun barəsində hökmü qüvvədə saxlayıb.

Onun atası, hakim partiyanın keçmiş fəalı, uzun müddət parlamentin deputatı, sonralar Müdafiə Nazirliyinin mətbuat katibi olmuş Eldar Sabiroğlu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi kəskin tənqid edib. Bundan sonra R.Səfərova qarşı təqiblər başlayıb.-

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir