Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Uşaq işçilər: balaca çiyinlərdə böyük yüklər

Uşaq işçilər: balaca çiyinlərdə böyük yüklərYaşıdları məktəbdə dərs oxuyarkən, onlar işləyir…
Yaşıdları məktəbdə oyun oynayarkən onlar işləyir…
Valideynləri ilə birlikdə olmalı olduqları vaxtda belə işləyirlər…

Bəziləri avtomobil təmiri ilə məşğul olur, bəziləri mebel düzəldir, bəziləri isə nəsə sata bilmək üçün çalışır. Tarlada, hətta aralarında mədəndə işləməyə məcbur edilənlər belə var.
Beynəlxalq Əmək Təşkilatı (BƏT) 168 milyon uşaq işçinin olduğunu və bunların 85 milyonunun təhlükəli yerlərdə işlədildiyini qeyd edir. Asiya-Sakit Okean sahilləri və Tropik Afrika ölkələri dünyada uşaqların ən çox işlədildiyi bölgələrdir. Uşaqların ən çox işlədildiyi sahə isə kənd təsərrüfatıdır. 1

İşləyən uşaqlar güman edildiyi kimi təkcə az inkişaf etmiş ölkələrin problemi deyil. Amerika və Avropada da işləyən uşaqları görmək mümkündür. Buradakı uşaqlar, adətən, valideynlərinə dəstək olmaq üçün ailə biznesində müəyyən işləri müvəqqəti edir, yaxud da dərsdən sonra, tətil vaxtlarında cüzi miqdarda pul əldə edəcəkləri sadə işlərdə işləyirlər. Ekspertlər bu tip işlərin uşaqların inkişafına müsbət təsir göstərdiyini, onlara müxtəlif bacarıq və təcrübələr qazandırdığını düşünürlər.

Ancaq bu müsbət yanaşmanı emalatxanalarda, tarlalarda, yaxud da mədənlərdə özünün və ya ailəsinin həyatını davam etdirmək üçün durmadan işləyən uşaqlar üçün demək mümkün deyil. Əksinə, bu cür iş şəraiti uşaqları layiq olduqları həyatdan uzaqlaşdırır, özlərinə uyğun olmayan şəraitlə ayaqlaşmalarını şərt qoyur, uşaqlıqlarını yaşamalarına və məktəbə getmələrinə mane olur. Ekspertlərə görə, bu həyat şəraiti uşaqların potensialını azaldır, fiziki və zehni inkişaflarına zərər vurur. Uşaqlar ailələrindən uzun müddət ayrı qaldıqları üçün sevgisiz böyüyür və ibtidai təhsili tam ala bilmədikləri üçün sosial inkişaflarını tamamlaya bilmirlər.

Aparılan araşdırmalara görə, uşaqların işləməsinin ən böyük səbəbi ailələrinin gəlirinə dəstək olmaqdır. Bundan əlavə, ailəsinin borcuna qarşılıq olaraq işlədilən uşaq sayı da xeyli çoxdur. Bəzi ailələrin uşaqlarını iş yerlərinə satdıqları hallar da müşahidə olunur. Bu uşaqlar, adətən, çox ağır şəraitdə, bir tikə çörəyə qul kimi işləmək məcburiyyətində qalırlar.
Uşaqlar üçün ən böyük təhlükə isə fahişəlik və narkotik sektorudur. Uzaq Şərqdə və Hindistanda uşaqlar ya birbaşa fahişə kimi satılır, yaxud da pornoqrafik yayımların istehsalında istifadə edilirlər. Uzaq Şərqdə, Latın Amerikasında və bir sıra Afrika ölkələrində uşaqlar narkotik maddə istehsalında işçi və ya ticarətində kuryer kimi işlədilirlər.

Uşaqların istifadə edildiyi digər bir fəaliyyət sahəsi isə müharibə və hərbi xidmətdir. Bütün dünyada təqribən 250 min qız və oğlan uşağı əllərinə silah verilərək məcburi şəkildə müharibələrdə istifadə edilir. Müharibənin ortasında qalan bu uşaqlar, əsasən, cinsi zorakılığa məruz qalır, münaqişələrdə həlak olur və ya öldürülürlər. Uşaqlar həm üsyançı qruplarda, həm də hökumət qüvvələrində silah istifadə etmək məcburiyyətində qalırlar.

BMT-nin hazırladığı hesabata görə, dünyanın bir çox yerindəki silahlı qruplar uşaqları da münaqişələrdə istifadə edir. Hesabata görə, Əfqanıstan, İraq, Suriya, Yəmən, Somali, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası, Nigeriya, Mali və Konqo Demokratik Respublikası uşaqların ən çox əsgər olaraq istifadə edildiyi ölkələrdir. Hesabatda başqa ölkələrin də adı keçir. Bunlar Liviya, Fələstin, Kolumbiya, Filippin və Myanmadır. Hesabatdakı ən maraqlı olanı isə Almaniyadır. Almaniya 2015-ci ildə 17 yaşlı 1515 uşağı əsgər kimi istifadə etdiyi üçün hesabatda yer alır. Maraqlı olan isə Almaniyanın Myanma və Kolumbiya kimi ölkələrdə 18 yaşından kiçik uşaqların hərbi xidmətə qəbul edilməməsini müdafiə etməsidir.2

Beynəlxalq Əmək Təşkilatı uşaq işçilərin sayında əhəmiyyətli dərəcədə azalma olduğunu açıqlasa da, yüz milyonlarla uşaq fiziki və zehni inkişaflarına uyğun olmayan işlərdə işlədilməyə davam edir.
Uşaq işçilərə üstünlük verilməsinin səbəbi, əlbəttə ki, işçi qüvvəsinin azlığı deyil. İlk növbədə uşaqlara verilən məvacib olduqca aşağıdır. Bundan başqa, uşaq işçilərin sosial sığorta hüququ, əlverişsiz şəraitdə işlədilməyə görə şikayət etmək və ya hüquqlarını tələb etmə ehtimalları çox aşağıdır. Uşaqlar müdafiəsiz olduqları üçün hər cür zorakılıq və sui-istifadəyə açıqdırlar .
Bəs uşaqların zərər gördükləri işlərdə işlədilməsinin qarşısı necə alına bilər?
Bunun üçün Beynəlxalq Əmək Təşkilatının uşaq əməyinin qarşısının alınmasına dair sazişini mümkün qədər çox ölkənin imzalamasını təmin etmək olar. Eyni zamanda BMT həmin ölkələrdə bu mövzu ilə bağlı pozuntulara nəzarət edə bilər. Ailələrə uşaqlarının işləməsinə ehtiyacları olmayacaq şəkildə lazımi maddi yardımlar etmək olar. Mövsümi kənd təsərrüfatı işlərində işləyən uşaqlar üçün məskunlaşma, səhiyyə və qidalanma ilə bağlı sosial dəstək proqramları təşkil edilə bilər. Bundan başqa, işləyən uşaqları aşkar etmək məsələsində məktəblərə və müəllimlərə daha çox öhdəlik verilə bilər. Müəllimlərin uşaq işçilərin qarşısını almaq üçün fəaliyyət göstərən təşkilatlarla əlaqələrini artırmaq olar.

Ancaq uşaq işçi probleminin əsasən yoxsul və ya vətəndaş müharibəsi gedən ölkələrdə geniş yayıldığını nəzərə alsaq, kifayət qədər vəsait olsa və ya lazımi tədbirlər görülsə belə, bu problemin qarşısını almaq çətin olacaq. Bu iş üçün yerli hökumət və ya qruplar əvəzinə YUNESKO və BƏT kimi beynəlxalq təşkilatların hərəkətə keçməsi daha ağıllı həll yoludur.

Digər bir yol isə müvafiq əsasnamə və qanunvericiliklərdə uşaq əməyini qadağan edən xüsusi qanunlar qəbul edilməsi və bu qanunları pozan şəxslərə qarşı tətbiq olunacaq cəzaların ağırlaşdırılmasıdır.
Texniki baxımdan həll yolu nə olursa olsun, ilk və önəmli məsuliyyət dünyanı uşaqların zorla işlədilməyəcəyi məkan halına gətirməkdir. Müharibələrin və istismarçı sistemin davam etdiyi bir dünyada uşaqlar daim ən çox istismar edilən tərəf olacaqlar. Bunun qarşısını almaq üçün müharibələrin və istismarın ideoloji mənşəyini yaxşı anlayıb, bu ideologiyaları ortadan qaldıracaq fikri mübarizə aparmaq lazımdır. O zaman insanlar sevgi və sülhün mümkün olduğunu görə bilər və dünya hamıya kifayət edən bir yurd halına gələ bilər. O vaxta qədər hər bir ölkənin, qurumun, insanın məsuliyyəti bu istismarı dayandırmaq üçün lazımi tədbirləri almaqdır.

İstinadlar:

http://www.ilo.org/ankara/areas-of-work/child-labour/lang–tr/index.htm
http://www.dw.com/tr/14-%C3%BClkede-%C3%A7ocuk-askerler-sava%C5%9F%C4%B1yor/a-19044420

Adnan Oktar 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir