Dövlətə xəyanət etməkdə təqsirləndirilən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bu barədə “Report”a onun vəkili Əyyub Ələkbərov məlumat verib.
O bildirib ki, N.Kərimov və özü cinayət işinin materialları ilə tanış olmanı ötən gün başa çatdırıblar: “Müstəntiq cinayət işini hazırlayıb, bir-iki günə məhkəməyə göndərəcək”.
N.Kərimov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Yanvarın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.