2016-cı ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 12,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,6 faiz bahalaşıb. Xəbəri Statistika Komitəsi yayıb.
2016-cı ilin noyabrında oktyabra nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,3 faiz artıb.
Xəbərə görə, ay ərzində düyü, un, qarabaşaq yarması, peçenye və paxlava, makaron məmulatları, mal, qoyun və toyuq ətinin, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, pendir və yumurta, kərə və bitki yağları, şəkər və şəkər tozu, qəhvə, çay və kakao, spirtli içkilər, armud, nar, heyvan, pomidor, xiyarın qiymətlərində bahalaşma, banan, alma, limon, naringi, xurma, şabalıd, kələm, göyərti, kök, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Noyabrda oktyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parça, geyim və ayaqqabı, inşaat materialları, dərmanlar, mebel və ev əşyaları, zərgərlik məmulatları, xalça və digər döşəmə örtükləri, ev üçün toxuculuq məmulatları, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazları, fərdi kompüterlər, dəftərxana ləvazimatları, kitablar, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunub. Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqlarının, məişət cihazları, avtomobillərin təmiri xidmətləri, dəmiryol, hava və dəniz nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində bahalaşma müşahidə olunub.