Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

“Pulları MTN polkovnikinə verdim, o da özünü asdı” – MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Əlövsət Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında çoxsaylı şikayətlərdən sonra məlum olub. Ötən ilin fevralında həbs edilən Əlövsət Məhərrəmov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilir.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əlövsət Məhərrəmovun həyat yoldaşı Mehriban Abdullayeva ifadə verib.

O, zərərçəkmişlərdən Validə Məmmədovanın tələbi əsasında məhkəməyə şahid kimi gətirilib. Oğlunu işə düzəltmək üçün Əlövsət Məhərrəmova 6250 manat verən Validə Məmmədova bu tələbini belə əsaslandırıb ki, pulu sabiq rəisə verməsindən arvadının da xəbəri olub.

Mehriban Abdullayeva bildirib ki, Əlövsət Məhərrəmovla rəsmi nikahları yoxdur: “Əlövsətlə imam nikahından bir övladımız var”.

Hakim bildirib ki, rəsmi nikahları olmadığından Mehriban Abdullayeva Əlövsət Məhərrəmovun yaxın qohumu sayılmır. Hakim qeyd edib ki, Mehriban Abdullayeva məhkəmədə məcburən ifadə verməli, sualları cavablandırmalıdır.

İlk olaraq Validə Məmmədovanın suallarını cavablandıran Mehriban Abdullayeva ərinin nə məbləğdə pul alması, hara xərcləməsindən xəbərsiz qaldığını deyib.

Validə Məmmədova isə deyib ki, Mehriban Abdullayeva  ərinin yanında işləyib, onun əməllərindən xəbəri olub.
Mehriban Abdullayeva əvvəlcə inkar etsə də, hakimin təkrar sualından sonra bir neçə il əvvəl Dəmiryolu Xəstəxanasında işlədiyini təsdiqləyib.

Əlövsət Məhərrəmov isə zərərçəkmişlərdən dələduzluq yolu ilə aldığı pulu hara verdiyi açıqlayıb. O, bildirib ki, pulları MTN polkovnikinə verib: “Həmin polkovnik də həbsxanada özünü asdı. Polkovnikin adı İlqar idi”.

Məhkəmə zalında olan zərərçəkmişlər isə Əlövsət Məhərrəmovun bu dediklərinə inanmadıqlarını bildiribər.

Proses dekabrın 23-də davam edəcək.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi ləğv ediləndən sonra nazirliyin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev də həbs edilib. O, ötən il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib.(Teleqraf.com)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir