Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Gündəm Siyasət Xəbərlər

Girinc qalan Müzəffər

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı

Müzəffərin suyu süzülür, girinc qalıb. Bir gün “za slujbu” sağ ol deyir, səhərisi giley-güzar, birisi gün də ultimatum ultimatum dalınca – rusa, farsa, hətta erməniyə. Hansı ki, iti qovan kimi qovulmuşdu, kapitulyasiya etmişdi.
Başqa cür ola da bilməzdi. Ona görə ki, bu başqa müharibə idi. İqtisadi maraqların toqquşmasının, ya siyasi iddiaların ödənilməməsinin doğurduğu konfliktlər var. Və yaxud müxtəlif dövlətlərin bir-birinə 150-dən artıq ərazi iddiaları mövcuddur.
Və əgər belə konfliktlər silahlı toqquşmaya çevrilirsə o münaqişə sonsuz olmur. Kimsə maraqlarından bir az geri çəkilir, kimsə iddialarını bir az cilovlayır və münaqişə bitir, münasibətlər bərpa olunur. Səbəb sadədir – ortada genezisə işləmiş düşmənçilik yoxdur. Qarı düşmənlə müharibə başladısa son nöqtə qoyulana qədər davam etməlidir. Burada yalnız tam, qəti qələbə və qeydsiz-şərtsiz məğlubiyyət var, başqa yol yoxdur.
Biz tarixdən heç cür dərs götürməyən, bir dəfə boğaza qədər batdığımız palçıqdan çıxıb elə həmin palçığa dəfələrlə bulaşmağı bacaran tək-tük xalqlardan biriyik. Erməni guruhu ilə müharibə indi başlamayıb ki, 120 ildən artıqdır davam edir. 100 il bundan qabaq birinci müharibə rus qırmızı ordusunun Azərbaycanı işğalından sonra Zəngəzurun ermənilərə verilməsi ilə yekunlaşdı. I Erməni-müsəlman müharibəsinin tarixi dərsi Rusiya faktorunun düşmən rolu idi. Sonrakı 70 il bu ərazi itkisinin psixoloji legitimləşdirilməsinə, yeyizdirilməsinə sərf edildi. Müstəqillik yenidən bərpa olunanda nəinki Ermənistana rəsmi heç bir ərazi iddiamız yox idi, üstəlik elə həmin rus-erməni ittifaqının yeni təcavüzü ilə üz-üzə qaldıq və ikinci erməni-müsəlman müharibəsi başladı. Bu dəfə Qarabağ uğrunda.
Birinci Qarabağ müharibəsində rus əli Surət Hüseynovun simasında özünü biruzə verdi. Xankəndinin bir-neçə kilometrliyindən Rusiyaya bağlı vətən xaini Surət Hüseynovun özünə tabe hərbi qüvvələri geri çəkməsi ilə bütün qazandıqlarımız, üstəlik Kəlbəcər itirildi. Sonra Heydər Əliyevin öz hakimiyyətini möhkəmləndirmək naminə könüllü batalyonları buraxması ilə daha 6 rayon işğal edildi. Bu dəfə ermənilər öz qüdrətli himayədarlarına arxayın olaraq girov torpaqların hesabına məsələni kiçik qanla həll etmək ümidi ilə dəmiri isti-isti döymədilər. Hesab etdilər ki, məsələ bitdi.
İkinci Qarabağ müharibəsindən sonra həmən ssenari üçüncü dəfə təkrar olunur. Ordu ildırım sürəti ilə hücum edir. Pilotsuz uçaqların möhtəşəm effektliliyi, xüsusi təyinatlılarımızın görünməmiş hazırlığı və rəşadəti düşmənin əzmini qırıb, müdafiə qabiliyyətini iflic edib. Arutyunyan Xankəndi boşdur deyə qıyya çəkir, Paşinyanın sonradan etirafına görə məğlubiyyətə sanılı günlər qalıb. Və Surət Hüseynov xəyanəti təkrar olunur.
MİMO-da diplomatiyadan “dərs” verən, tanrı kimi “mən hər şeyi bilirəm” deyən müzəffər bu müharibəni 1 həftə – 10 günə bitirəcək ordunu dayandırır, sonra növbəti xəyanətə, rus ordusunun sülhməramlı adı ilə torpaqlarımıza soxulmasına imza atır və faktiki olaraq Dağlıq Qarabağı təslim edir. Fərqi nədir kimə – rusa ya erməniyə, ya da elə ikisinə də bir yerdə.
İndi Dağlıq Qarabağda üz-üzə gələcəyimiz qüvvə Rusiyadır. 44 günlük müharibədə bizi üstün edən bütün faktorlar məlumdur, təhlil edilib və şübhəsiz ki, tədbirlər görülüb. Aman görən erməni dirçəlib, günü-gündən ötkəmləşir, müzəffərin lovğa-lovğa ləğv etdiyi atəşkəs rejimini həm Ermənistan, həm də Dağlıq Qarabağ ərazisindən pozmaqdan çəkinmir. Və bundan sonrakı hərbi eskalasiyanın bizə nəyə başa gələcəyini proqnozlaşdırmaq çətindir.
Hər şeyi bilən İlham Əliyevin hər şeyi bilməsinin acı nəticələri budur. Əgər o bir insanın hər şeyi bilməsinin mümkün olmadığını bilsəydi indi suyu süzülə-süzülə qalmazdı.
İlham Əliyevin bu xalqı qərq etdiyi hüquqsuzluq, ədalətsizlik, yoxsulluq, bərabərsizlik və xüsusilə kütləvi küt laqeydlik isə indiki məqamda onun başa çatmasına imkan vermədiyi müharibədən daha təhlükəlidir.

azadliq.info

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir