Avropa İnsan Haqları Məhkəməsinə göndərdiyi şikayəti yoxa çıxan tanınmışların sırasına biri də qoşulub – Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırov. Bu barədə ilahiyyatçının vəkili Cavad Cavadov məlumat verib.
Qəsdən, yoxsa səhlənkarlıqdan?
Vəkil deyir ki, Taleh Bağırovun həbsi haqda qərardan Avropa Məhkəməsinə bundan əvvəl göndərdiyi şikayətə əlavədən ibarət ərizəni noyabrın 12-də “Azərpoçt” MMC-nin Bakı şəhər 7 saylı şöbəsində yola salıb. Amma indiyə qədər məktubun kodu (RR002827845AZ) izləmə sistemində yoxdur.
Vəkil məsələ ilə əlaqədar “Azərpoçt”a şikayət məktubları yazıb. Cavad Cavadova noyabrın 24-də şifahi cavab verilib ki, “məktub hansısa səbəbdən izləmə sisteminə oturmayıb və hazırda məsələ araşdırılır”.
“Son vaxtlar bu cür halların çoxalması bunun qəsdən, yoxsa səhlənkarlıqdan baş verməsi barədə ciddi düşünməyə əsas verir”, – Cavad Cavadov bildirib.
Başqa bir vəkil Elçin Sadıqov da Heydər Əliyevin heykəlinə siyasi şüar yazandan sonra həbs olunmuş gənc fəal Bayram Məmmədovun həbsilə bağlı Avropa Məhkəməsinə göndərilən məktubun məhz həmin – 7 saylı poçt şöbəsində yoxa çıxdığını bildirib.
“Elektron izləmə zamanı müəyyən etdik ki, eyni gündə göndərilən başqa bir məktub Avropa İnsan Hüquqları Məhkəməsinə çatdırılsa da, Bayram Məmmədovun şikayəti qəsdən göndərilməyib və sistemdə görünmür”, – deyən Elçin Sadıqov bu cür halların mütəmadi xarakter aldığını vurğulayıb. Vəkil hesab edir ki, məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırmaq lazımdır.
Bu yaxınlarda AXCP sədrinin müavini Fuad Qəhrəmanlı haqda həbs qərarından, AXCP üzvü Murad Ədilov barədə hökmdən Avropa Məhkəməsinə göndərilən şikayətlər də müəmmalı şəkildə yoxa çıxıb.
“Azərpoçt”dan məktubların qəsdən “itirilməsi” barədə deyilənləri doğru saymırlar: “Texniki səbəblərdən hansısa məktubun itməsi, mənzil başına gec çatması baş verə bilər. Bunlar bütün dünyada poçt işinin tərkib hissəsidir. Konkret məktuba gəldikdə isə, kiminsə şikayəti varsa, poçta rəsmi sorğu verib araşdırma aparılmasını istəyə bilər”.