Beynəlxalq Avtovağzal Kompleskinin Ticarət Mərkəzi bu gün səhər saatlarından fəaliyyətini dayandırıb. Fins.az-ın tcarət mərkəzindən əldə etdiyi məlumata görə, mağazalar bağlanıb. Səbəb kimi Avtovağzal ərazisinə Vergilər Nazirliyinin əməkdaşlarının ciddi yoxlamalar aparmaq üçün gəlmələri göstərilir.
Dükan sahiblərinin qeyd etdiyinə görə, Avtovağzal rəhbərliyi də məhz bu səbəbdən bütün obyektlərin bağlanması ilə bağlı tapşırıq verib. Dövlət Avtomobil Nəzarəti Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı fins.az-ın sorğusuna cavab olaraq bildirib ki, ticarət mərkəzinin fəaliyyətini dayandırması texniki problemlərlə bağlıdır.“Ticarət mərkəzində elektrik xətlərində problem var idi. Mağazaların bəzilərində işıq yanmırdı.
Bu da onların işinə mənfi təsir edirdi. Elektrik xətlərinin yenilənməsi ilə bağlı olaraq mağazalar bir neçə günlük bağlanıb”.
Ş.Mehmanqızı xətlər yeniləndikdən sonra ticarət mərkəzi fəaliyyətini davam etdirəcək. Vergi yoxlamasına gəlincə, Xidmət rəsmisi bu xəbəri təsdiq edərək bildirib ki, vergi yoxlaması vaxtaşırı aparılır və bu ticarət mərkəzinin işinə təsir eləmir.