Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Yanan bina işi: ‘300 min istədilər’

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f«Xətaidəki bina yanğınından sonra MTN bizdən 300 min pul istədi. Dedilər ki, həmin hadisədən sonra dövlət rəhbərliyinə təqdim etməyə rəy hazırlanır. Bizim şirkət haqqında orada müsbət fikir getməsi üçün tələb olunurdu bu məbləğ».

Ötən ilin mayında Binəqədidəki yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə həbs olunanlardan Ələkbər Əsgərov belə deyir. O, binanı üzləmiş «Global Stone» MMC-nin direktoru olub.

«NƏDƏ TƏQSİRLƏNDİRİLDİYİM MƏNƏ AYDIN DEYİL»

Bu yanğın hadisəsi dörd aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Hazırda bu prosesdə təqsirləndirilən şəxslərin dindirilməsi mərhələsidir. Oktyabrın 24-də keçirilən məhkəmə iclasında Ələkbər Əsgərov ifadə verib. Deyib ki, 1 il 6 aydır ailəsindən, cəmiyyətdən təcrid olunub, amma hələ də hansı günahın sahibi olduğunu bilmir.

«Nədə təqsirləndirildiyimi, ümumiyyətlə, burada niyə oturduğumu bilmirəm, mənə aydın deyil. Ona görə də bu gün burada ifadə vermək mənə çox çətindir», – Ələkbər Əsgərov bildirib.

O, ifadəsində qeyd edib ki, «Global Stone»da şirkətin təsisçilərindən biri, hazırda təqsirləndirilən şəxslər sırasında olan Miryusif Mahmudovun təklifi ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rəsmi müqavilə ilə şirkətin baş direktoru olub. Amma bu vəzifədə cəmi bir il işləyib.

Hadisənin hansı səbəbdən baş verməsindən xəbərsiz olduğunu deyən Ələkbər Əsgərov söyləyib ki, şirkətin istehsal etdiyi poliuretan üzlüklər üçün xammal Türkiyədən gətirilirdi.

O, ifadəsində yanğın günü baş verənlərdən də danışıb. Dediyinə görə, hadisə yerinə gedən yollar bağlanmışdı, bir müddət tıxacda qalandan sonra yenidən ofisə qayıdıblar. Ofisə çatanda isə orada MTN əməkdaşlarını görüblər: «Kompüterləri yığdılar, işçiləri danışdırdılar. Bir az keçəndən sonra prokurorluq işçiləri gəldi. Mən onlarla birlikdə getdim».

«MƏBLƏĞİN 300 MİN OLDUĞUNU DEDİ»

Ələkbər Əsgərov iddia edib ki, hadisədən əvvəl MTN əməkdaşları onlardan 300 min pul istəyirdi: «Ofisdə oturmuşduq. Şirkətin təhlükəsizlik xidmətinin rəis müavini Arif Əliyev gəldi, dedi ki, Xətaidəki yanğından sonra rəy hazırlanır. Bizdən də həmin rəyə şirkət haqqında müsbət fikir əlavə etməkdən ötrü pul istəyirlər. Məbləğin 300 min olduğunu dedi. Miryusif Mahmudov da əsəbiləşdi…».

Miryusif Mahmudov özü də məhkəmədə ifadəsində hadisədən öncə MTN-in vəzifəli şəxslərinin ondan pul tələb etdiyini bildirmişdi. Lakin o, konkret məbləği açıqlamamışdı.

Ələkbər Əsgərov ifadəsinə əlavə edib ki, yanğına görə onunla birlikdə məhkəmə qarşısına çıxarılan şəxslərdən yalnız ikisini – Miryusif Mahmudov və Uğur Bəşirovu tanıyır.

Həmin yanğınla əlaqədar məhkəmə qarşısına çıxarılanlara CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Digər təqsirləndirilən şəxslər «Global Stone» MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon icra hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov və BDU-nun müəllimi, Dərnəgül Boru Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədovdur.

(Azadlıq radiosu)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir