Avropa Jurnalistlər Federasiyasi və Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ/EFJ) “APA Holdinq” in sabiq əməkdaşı, jurnalist Fərahim İlqaroğlunun işdən çıxarılması ilə bağlı bəyanat yayıb.
Verilən bəyanatda jurnalistin siyasi motivlə işdən çıxarılması şiddətlə qınanıb. Eyni zamanda bildirilib ki, bu fakt fikir və ifadə azadlığının qorunması ilə bağlı Azərbaycanın qoşulduğu beynəlxaq konvensiyalara ziddir. Bəyanatda vurğulanıb ki, bu məsələ ayrıca olaraq Avropa Şurası tərəfindən hazırlanmış “Jurnalistlərin müdafiəsi üzrə Platforma”da müzakirəyə qoyulacaq.
Xatırladaq ki, “APA Holdinq”-in reportyoru Fərahim İlqaroğlu bu ilin sentyabrın 12-də işdən çıxarılıb.
Jurnalistin işsiz qalmasına səbəb isə, sentyabrın 11-də Milli Şuranın keçirdiyi mitinqlə bağlı “Facebook”da ifadə etdiyi fikirlər olub. Jurnalist Fərahim İlqaroğlu özünün “Facebook” səhifəsində belə yazıb:
“APA Holdinqlə yollarımız ayrıldı. İşdən çıxarılmama səbəb kimi mənim jurnalist Eynulla Fətullayevin paylaşdığı postda mitinqdən olan bir fotonu şərh kimi yerləşdirməyim və eyni zamanda “Azadlıq” qəzetində çalışan həmkarlarımı müdafiə etməyim göstərildi”, – deyə o qeyd edib. O, himayəsində körpə uşağın olmasına baxmayaraq müqaviləsinə xitam verildiyini deyib. “Müqaviləmə xitam verən şirkət gecə-gündüz, bayram-bazar demədən işləməyimi, eyni zamanda himayəmdə azyaşlı körpə, işləməyən yoldaşım, atam və anam, banka olan böyük məbləğdə kreditlərimi nəzərə almadı”, – F.İlqaroğlu vurğulayıb.
Bəyanatla bu linkdə tanış ola bilərsiniz: http://www.ifj.org/nc/en/news-single-view/backpid/1/article/azerbaijan-ifjefj-denounce-politically-motivated-dismissa