Skip to content
“Virtualaz.org” xəbər verir ki, belə xəbərdarlıqla daxili işlər naziri Georgi Mqebrişvili çıxış edib. Nazirin xəbərdarlığı Saakaşvilinin parlament seçkilərinin nəticələrinə dair exit-poll elan edilən kimi Gürcüstana qayıdacağına dair verdiyi bəyanata cavabdır. Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək. Bu seçkilərdə hazırda Odessa qubernatoru olan Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası iştirak edir və rəy sorğularına görə partiyanın seçkiləri udmaq şansı var. Saakaşvilinin sözlərinə görə, exit-poll nəticələri “Rustavi-2” telekanalında elan olunan kimi o, Gürcüstana qayıdacaq. Seçkilərə bir neçə gün qalmış isə Türkiyə ərazisində, Gürcüstan sərhədinə yaxın ərazidə öz qərargahını quracaq. Saakaşvilinin həyat yoldaşı Sandra Rulovs Zuqdudi rayonundan majoritar əsasda namizədliyini irəli sürüb və o, tərəfdarları qarşısında çıxışı zamanı deyib ki, eks-prezidentin ölkəyə dönməsi “qaçılmazdır”. Daxili işlər naziri isə deyib ki, Saakaşvili Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır və onun ölkəyə daxil olması halında həbsi “qaçılmaz olacaq”. Xatırladaq ki, M.Saakaşvili dörd maddə ilə ittiham olunur və bu maddələr üzrə onu 11 il həbs gözləyir. Ötən ilin aprelində Saakaşvili Ukrayna prezidenti Petra Poroşenkonun müşaviri qismində Bakıda beynəlxalq konfransda olanda Gürcüstan Baş prokurorluğu onun həbsi üçün Azərbaycan Baş prokurorluğuna sorğu göndərib. Lakin Azərbaycan Saakaşvilinin həbsindən imtina edib. Gürcüstanın eks-prezidenti isə bu sorğunu istehza ilə qarşılamışdı.
Tagged:Media-fakt.info