Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Qubad Ibadoğlu: Manat yenidən “reanimasiya”da

qubad_ibadoqluIqtisad elmləri doktoru Qubad İbadoğlu Azərbaycanda yaranmış dollar qıtlığı və maliyyə bazarındakı durumun gərginliyi barədə təhlil yazıb. Onun Facebook səhifəsində dərc etdiyi məqaləsini təqdim edirik:

Yenidən valyuta bazarlarında gərginlik var, bir neçə gündür ki, valyuta satışının əsas dövriyyəsi qara bazarlarda müşahidə olunur. Rəsmi və qeyri- rəsmi məzənnələr arasında fərq 10 faizə yaxınlaşır.

Azərbaycanda yaranmış dollar qıtlığının başlıca səbəbini FED-in gözlənilən qərarında deyil, milli iqtisadiyyatda, xüsusilə də qeyri-neft ixracatında yaranmış acınacaqlı vəziyyətlə, ölkədən kapital axını və Mərkəzi Bankın mövcud situasiyaya adekvat olmayan yanlış siyasəti ilə izah etmək olar.

Diqqət edin. Gömrük məlumatlna görə, bu ilin 6 ayında ümumi ixracat gəlirləri 3 milyard 821 min 500 dolar, ondan qeyri-neft ixracı 584 milyon 500 min dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz azdır. Beləliklə də adambaşına son 6 ayda ümumi ixrac 402 dollar, qeyri-neft bölməsinin ixracı isə 61,5 dollar olub. Ölkənin orta aylıq ümumi ixracatı 636,8 milyon, qeyri-neft ixracatı 97,4 milyon dollara bərabərdir.

Deməli, əgər neft və qaz gəlirləri olmazsa milli iqtisadiyyatın indiki potensialı ilə valyuta gəlirlərimiz aylıq 100 milyon dollardan da aşağı düşərdi. Halbuki, bu ilin ilk 6 ayında ölkəyə idxal mallarını gətirmək üçün 4 milyard, hər ay 666 milyon dollarlıq valyuta xərclənib. Göründüyü kimi, ixracatdan əldə edilən valyuta gəlirləri heç idxalı maliyyələşdirməyə belə yetərli deyildir. Unutmayaq ki, bundan başqa dövlətin, şirkətlərin, bankların borc öhdəliklərini, vətəndaşların cari ehtiyaclarını ödəməyə də əlavə olaraq valyuta qazanılmalıdır.

Valyutanı qazanmaq üçün isə rəqabətə dözümlü, yüksək texnologiyalı, innovativ mal və xidmət istehsal etmək lazımdır. Bu isə iqtisadiyyatın modernləşdirilməsi, eləcə də təhsilin səviyyəsindən asılıdır. İqtisadiyyatın modernləşdirilməsi üçün ölkəyə xarici sərmayələr gəlməli və əlverişli investisiya mühiti formalaşdırılmalıdır. Təəssüf ki, bu hədəflərə qısa zaman çərçivəsində nail olmaq mümkün deyildir. Bu müddətdə manatı reanimasiyadan çıxartmaq mümkün olmayacaq. Ona görə də vaxt itirmədən islahatlara və iqtisadiyyatda təxirəsalınmaz tədbirlərə başlanılmalıdır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir