«Şirkətin ümumilikdə 40-a yaxın əməkdaşı var. Bunlardan təqribən 20 nəfəri rəhbərliyə daxildir ki, hər ay vaxtında maaşları masalarının üstünə gəlir. Yerdə qalanı bizim kimi qara fəhlələrdir ki, aylarla maaş üçün ofisin qarşısında toplaşıb boynumuzu bükürük».
Bunu AzadlıqRadiosuna «Oil and Gas ProServ» MMC-nin neftçiləri deyir.
MAAŞLARINI TƏLƏB ETMƏYƏ GƏLMƏYƏ PULLARI DA YOXDUR
Avqustun 31-də şirkətin fəhlə və mühəndislərindən ibarət təqribən 10 işçisi maaş tələbilə ofisin qarşısına toplaşıb. «Neft daşları»nda mühəndis işləyən Faiq Şamilov deyir, səhər saatlarından ofisin həyətinə toplaşsalar da, rəhbərliyin içəridə olmasına baxmayaraq, onları heç kəs qəbul edib konkret bir söz demir:
«Orta əməkhaqqımız 800-1100 manat civarındadır. Lap orta hesabla, aylığımız min manatdan hesablananda, hər birimizə şirkətin azı 8 min manat borcu var. Hazırda ofisin həyətindəyik və çəkiliş tələb edirik ki, gəlsinlər, vəziyyətimizi anladaq. İşçilərin hamısı toplaşa bilməyib, çünki uzaqda yaşayanların yolpulusu da yoxdur ki, avtobusa verib gəlib maaşını tələb etsin. N.Nərimanov adına idarədə, başqa idarələrdə çalışanlarımız var. Ən ağır əmək növü ilə məşğul oluruq, əməyimiz ən axırıncı kimi qiymətləndirilir».
ALACAQLARI MAAŞ DA «ÖLƏ-ÖLƏ» GEDİR
Teymur Məmmədov: «Hər həftə gəlirik, rəhbərliklə görüşməyə cəhd edirik, hər dəfə də saatlarla dayanırıq. Axırda kimsə çağırır, yalan vəd verir, dağılışırıq. Növbəti həftə yenə toplaşırıq. Səhərdən günün altında dayanmışıq. Neftçiyə belə qiymət verməzlər axı…».
Neftçilər bank kreditlərini ödəyə bilmədiklərini deyirlər. Üstəlik də, aylarla ala bilmədikləri məbləğlər güclü devalvasiya səbəbindən artıq qəpik-quruşa dönüb, – deyirlər.
«Oil and Gas ProServ» MMC 2005-ci ildə yaradılıb. Fəaliyyətinə neft və qaz sənayesinin avadanlıqlarla, texniki təcrübə və dəstəklə təmin edilməsi, məhsulların diaqnostika məqsədilə baxışının təşkili daxildir. MMC-nin rəsmi saytında şirkətin rəhbərliyi və fəaliyyəti ilə bağlı başqa heç bir bilgi yoxdur. Hətta əlaqə bölməsi də yoxdur. Digər məlumatlar Dövlət Neft Şirkətinin strukturu, rəhbərliyi və fəaliyyətinə aiddir.
Dövlət Neft Şirkətindən, hələlik, məsələyə münasibət öyrənmək mümkün olmayıb.