Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

«ABŞ NƏ TƏNQİD, NƏ TƏQDİR EDİR, SADƏCƏ, SUSUR»

mehman-aliyev-yeni1«Natiq Cəfərlini 5-ci gün gecə həbs etmələri o deməkdir ki, vəziyyətlə bağlı ilkin reaksiyanın olmasını istəmirlər. Diplomatik korpuslar işləmir, əməliyyatı sona qədər rahat aparmaq istəyirlər».

Bunu «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev AzadlıqRadiosuna REAL-ın icra katibi, hakimiyyətin iqtisadi siyasətinin tənqidçisi Natiq Cəfərlinin həbsindən danışarkən deyir.

M.Əliyevin fikrincə, N.Cəfərlinin həbsinin arxasında sentyabrın 26-da keçiriləcək Konstitusiya dəyişikliyi ilə bağlı referendum durur. O, yada salır ki, REAL bu dəyişikliyin əleyhinədir. Hesab edirlər ki, bu təkliflər ölkədə monarxiya qurulmasına hesablanıb.

M.Əliyev qeyd edir ki, hakimiyyət referenduma siyasi maneələri tamamilə dəf etmək əzmindədir: «Bu da onu göstərir ki, referendumun keçirilməsi hakimiyyət üçün böyük əhəmiyyət kəsb edir və heç bir maneə, əks təsir istəmirlər. Ancaq yenə, açığı, Natiq Cəfərlinin həbsi mənim üçün gözlənilməz oldu. Hərçənd, REAL referenduma edilən təkliflərin əleyhinə qrup yaratmaq üçün işləyirdi, Natiq Cəfərli də bu prosesin başında olan adam idi. Üstəlik, onun ictimai fəaliyyətinə baxsaq, Natiq Cəfərli hakimiyyətin atdığı addımları izləyirdi və bununla bağlı mütəmadi şərhlər verirdi, analizlər aparırdı. 8-9 ay idi ki, onun ölkədən çıxışına da qadağa qoyulmuşdu. Bu da onunla bağlı idi ki, Natiq Cəfərli kənarda görüşlər keçirib danışıqlar apara bilməsin, hakimiyyət onun bu fəaliyyətindən də narahat idi».

«ABŞ NƏ TƏNQİD, NƏ TƏQDİR EDİR, SADƏCƏ, SUSUR»

M.Əliyev qeyd edir ki, referendumu monarxiyaya keçid kimi görənlə var. «Mən isə referendumu islahatlara bağlayıram» deyən «Turan» rəhbəri vurğulayır ki, yaxın gələcəkdə ölkədə ciddi siyasi islahatlar baş verəcək . Bundan ötrü də Konstitusiyada bəzi dəyişikliklər zərurəti meydana gəlib. Onun deməsinə görə, bu islahatları Qərb, ABŞ tələb edir: «Konstitusiyaya təkliflər ortaya çıxanda nə Qərbdən, nə ABŞ-dan təpki gəldi, təqdir də etmədilər, sadəcə susdular. Bu onu göstərir ki, ABŞ Azərbaycanı demokratik dövlət kimi görmək istəyir, ancaq həm də stabilliyin qorunmasında maraqlıdır. Buna görə də vitse-prezident postları yaradılır ki, fars-major hal baş verərsə, hakimiyyətin idarə olunmasında xaos yaranmasın».

«HAKİMİYYƏT ÖZÜ QAZDIĞI QUYUYA DÜŞÜB»

«Bəs siyasi opponentlərin həbsi ilə siyasi islahatlar necə uzlaşır» sualının cavabında M.Əliyev deyir ki, bu sual ona yox, hazırda islahatlar paketi üzərində işləyən ABŞ şirkətlərinə ünvanlanmalıdır.

M.Əliyev qeyd edir ki, ölkədə son iki ildə sistemli böhran yaranıb. Bunda nə müxalifətin, nə medianın, nə də vətəndaş təşkilatlarının günahı var: «Bu sistemli böhranın yaradılmasında hakimiyyət rol oynayır, özü qazdığı quyuya düşüb».

Müsahibimizin fikrincə, indi böhrandan çıxmaqdan ötrü ciddi islahatlara ehtiyac var: «Yaxın vaxtlarda nə olacaq, bunu o planı hazırlayanlar bilir. Mənim gördüyüm isə budur ki, avtoritarizmdən uzaqlaşacağıq».

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir